YAP-dan başqa heç bir partiyanın qeydə alınmaması demokratik və çoxpartiyalı sistemin iflası görüntüsünü yaradır

“Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqindən sonra qeydiyyatından imtina olunan partiyaların sayı durmadan artır.

Gununsesi.info-nun xəbərinə görə, belə təşkilatlardan biri də millət vəkili Qüdrət Həsənquliyevin sədrlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.

Qeyd edək ki, Ədliyyə Nazirliyi BAXCP-nin yenidən qeydiyyat müraciətinə rədd cavabı verib. Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev Gununsesi.info-ya açıqlamasında bu qərarı şərh edib:

“İlk öncə onu qeyd edim ki, sivil və qanunun aliliyi qorunan ölkələrdə hər hansı təşikalatda yoxlama aparılırsa mütləq həmin təşkilatın nümayəndəsinin iştirakı təmin edilir. Bundan başqa, bu günə qədər hakim partiyadan başqa heç bir partiyanın qeydə alınmaması demokratik və çoxpartiyalı sistemin iflası və siyasi alternativsizlik görüntüsü yaradır, düşmən dəyirmanına su tökür.

Bu, həm də parlamentdaxili və parlamentdən kənar partiyaların bərabərləşdirilməsi təsəvvürü yaradır və bundan öncəki seçkilərin və seçkilərlə formalaşdırılan dövlət orqanlarının legitimliyi üzərinə də kölgə salır.

Ədliyyə Nazirliyinin bu qərarı siyasi islahatların zəruriliyini nümayiş etdirir və bizimlə yanaşı dövləti təmsil edən,dövlətin imici və gələcəyi barədə məsuliyyət daşıyan iqtidarı da ciddi narahat etməlidir.

Ədliyyə Nazirliyinin təqdim etdiyi nöqsanlar araşdırılacaq, onlar həqiqəti əks etdirirsə tərəfimizdən qanunla müəyyən olunmuş müddətdə ardan qaldırılacaqdır”.

 

 

Gununsesi.info