
NASA-nın Curiosity aparatı Marsın səthində görünməmiş kəşf edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Qırmızı Planetdə ilk dəfə təmiz elementar kükürd aşkar edildi.
Gediz vadisində tapılan bu nadir kristallar Qırmızı Planetin naməlum geoloji sirlərinə işıq salır.
Bu kəşf o deməkdir ki, əvvəllər Marsda yalnız sulfat şəklində müşahidə edilən kükürd ilk dəfə olaraq saf elementar formada tapılıb.
NASA-nın Jet Propulsion Laboratoriyasının alimi Ashwin Vasavada, “Saf kükürddən ibarət qaya sahəsi tapmaq səhrada bir vahə kəşf etmək kimidir” deyərək bu tapıntının əhəmiyyətinə diqqət çəkib.
Sulfatlar ümumiyyətlə kükürdün su və digər minerallarla qarşılıqlı təsiri nəticəsində əmələ gəlir.
Lakin saf elementar kükürdün olması Marsda əvvəllər məlum olmayan geoloji proseslərin getdiyini göstərir.
Bu, planetin keçmiş su mövcudluğu və iqlimi haqqında yeni ipuçları verə bilər.
Qeyd edək ki, indiyə qədər Marsda heç bir həyat əlaməti tapılmasa da, planetdə aşkar edilən kimyəvi izlər potensial yaşayış imkanları haqqında ipucları verməyə davam edir. Curiosity bölgədə araşdırmalarını dərinləşdirərək Marsın sirlərini həll etmək üçün yeni məlumatlar toplamağa davam edəcək.
Orxan Saffari