“Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış müdafiə sazişi, ilk növbədə, tərəflərin təhlükəsizlik və hərbi əməkdaşlığının gücləndirilməsinə hesablanıb. Bu əməkdaşlıq çərçivəsində üzv ölkələrin müdafiə qabiliyyətinin artırılması, hərbi-texniki və logistika sahələrində əlaqələrin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib:
“Yəməndə husilərlə Səudiyyə Ərəbistanı arasında mövcud olan qarşıdurma fonunda bu sazişin regional təhlükəsizlik baxımından əhəmiyyəti ayrıca qiymətləndirilə bilər. Bununla belə, Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına birbaşa quru qoşunları göndərməsi məsələsinə ehtiyatla yanaşmaq lazımdır. Xüsusilə Türkiyə ictimaiyyətinin xarici hərbi əməliyyatlarda iştirakla bağlı mövqeyi belə bir qərarın siyasi tərəflərini də ön plana çıxarır.
Husilərin Səudiyyə Ərəbistanına qarşı raket və digər uzaqmənzilli silahlardan istifadə etməsi ilə genişmiqyaslı quru hücumunun həyata keçirilməsi arasında ciddi fərq var. Əgər qarşıdurma quru əməliyyatları mərhələsinə keçər və Səudiyyə Ərəbistanının ərazisinə birbaşa hərbi hücum baş verərsə, Türkiyə və Pakistanın mövqeyi, eləcə də müdafiə sazişinin praktiki tətbiqi məsələsi daha aktual ola bilər. Lakin bu, avtomatik olaraq həmin ölkələrin quru qoşunları göndərəcəyi demək deyil”.

Politoloq qeyd edib ki, hazırkı şəraitdə Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanı ilə hərbi-diplomatik əməkdaşlığı çərçivəsində hansı dəstək mexanizmlərindən istifadə edəcəyi sazişin konkret müddəalarından və regional vəziyyətin inkişafından asılıdır:
“Hərbi təlimlər, texniki əməkdaşlıq və logistika dəstəyi mümkün əməkdaşlıq istiqamətləri olsa da, onların konkret miqyası barədə təsdiqlənmiş məlumatlara əsaslanmaq vacibdir.
Digər tərəfdən, Səudiyyə Ərəbistanının husilərə qarşı əvvəlki hərbi əməliyyatları və tərəflər arasında davam edən qarşılıqlı təhlükəsizlik narahatlıqları regional gərginliyin əsas amillərindəndir.
Buna görə də Türkiyə–Səudiyyə Ərəbistanı–Pakistan müdafiə əməkdaşlığının gələcək istiqamətləri yalnız hərbi deyil, həm də diplomatik amillərlə müəyyənləşəcək. Sazişin əsas əhəmiyyəti mümkün təhlükəsizlik təhdidlərinə qarşı koordinasiyanın gücləndirilməsindədir ki, onun konkret hərbi müdaxiləyə gətirib çıxarıb-çıxarmayacağını isə yalnız sənədin şərtləri və gələcək hadisələr göstərə bilər”.
Şəbnəm Rəhimova











