Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hicab məsələsi ətrafında Azərbaycana qarşı aparıldığını bildirdiyi kampaniyalara münasibət bildirib.
Gununsesi.info –nun xəbərinə görə, o qeyd edib ki, son vaxtlar hicab məsələsi bəhanə edilərək həm xaricdə, həm də ölkə daxilində Azərbaycana qarşı məqsədyönlü təxribat xarakterli çağırışlar və qaralama kampaniyaları həyata keçirilir.
Partiya sədri bu kampaniyanın birbaşa Azərbaycan dövlətinin maraqlarına qarşı yönəldiyini vurğulayaraq, prosesə qoşulan şəxsləri və qurumları bədxah davranışlardan çəkinməyə çağırıb.
Fazil Mustafa bildirib ki, illərdir dini cəhalət və xurafata qarşı mübarizə aparmaqla yanaşı, cəmiyyətdə insanların sağlam dini inanclara və dəyərlərə sahib olmasının vacibliyini də vurğulayır.
O, Nazirlər Kabinetinin təhsil sistemində vahid geyim qaydalarının tənzimlənməsi ilə bağlı qərarını dəstəklədiyini qeyd edib. Fazil Mustafanın sözlərinə görə, bu qərar Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq təhsil sistemində dünyəvilik prinsipinin qorunmasını, dövlət-din münasibətlərinin sağlam zəmində tənzimlənməsini nəzərdə tutur.
Partiya sədri sonda milli dövlətə və milli dəyərlərə sadiq olan hər bir Azərbaycan vətəndaşını dövlətin və xalqın ali maraqlarını qətiyyətlə qorumağa çağırıb.
Orxan












