Avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi bölgədə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda imzalanan saziş üç ölkənin birgə müdafiə imkanlarını gücləndirməyi nəzərdə tutur. Sənədə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndirilir.
Yəməndə İranla əlaqəli husilərin Səudiyyə Ərəbistanına qarşı hücumları isə sazişin tətbiqi məsələsini aktuallaşdırıb. Ər-Riyadın təhlükəsizliyi ilə bağlı yaranan vəziyyət Türkiyə və Pakistanın mümkün hərbi dəstəyinə dair sualları artırıb.
Bəs Məkkə Birgə Müdafiə Sazişinə əsasən, Türkiyə Səudiyyə Ərəbistanına hərbi dəstək verəcəkmi?
Gununsesi.info-ya danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Həsən Oqtay mövzunu belə şərh edib:

“Bu razılaşmanın yalnız ölkələrin parlamentləri tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə biləcəyi bildirilir. Bununla belə, Pakistanın Səudiyyə Ərəbistanına hərbçilər göndərməsi ilə bağlı xəbərlərlə qarşılaşdıq. Bu vəziyyət Türkiyə üçün də artıq baş vermiş bir hadisə qarşısında seçim etmək zərurəti yaradır.
Türkiyənin ərəb ölkələri arasındakı qarşıdurmalarda tərəf olmaq əvəzinə, vasitəçilik rolunu önə çıxarması və ordusundan çəkindirici vasitə kimi istifadə etməsi daha məntiqli görünür.
Husilərin son vaxtlar hücumlarını artırması dövlət quruculuğu prosesini tamamlaya bilməyən Səudiyyə Ərəbistanında ciddi narahatlıq yaradıb. Səudiyyə Ərəbistanı kimi yeni dövlətlərin kənardan həyata keçirilən hücumlar qarşısında təşvişə düşməsi təbii haldır.
Türkiyə və Pakistan bu böhran zamanı Səudiyyə Ərəbistanına yardım etdikdən sonra ölkə dövlətçilik və milli birlik prosesini tamamlaya biləcək. Dövlətlərin psixologiyası baxımından Səudiyyə Ərəbistanı bu işi təkbaşına bacardığını bəyan edərək bölgədə mühüm strateji dövlət mövqeyinə yüksəlməyə çalışacaq”.
O qeyd edib ki, Türkiyə bu məsələyə yalnız Səudiyyə Ərəbistanının müdafiəsi prizmasından yanaşmır.
“Ankara ABŞ ilə İran arasında razılaşmadan sonra Yaxın Şərqdə zərurətə çevriləcək yeni təhlükəsizlik axtarışlarında mühüm rol oynamaq istəyir. Buna görə də ittifaq yaradılarkən İrana qarşı mövqe tutmaq və ya İsrailin yanında yer almaq əvəzinə, Yaxın Şərqə sülh gətirə biləcək daha geniş yanaşma ortaya qoymağa çalışır.
Praktik baxımdan Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanın dərhal onun tərəfində müharibəyə qoşulmasını istəyir. Lakin hazırkı mərhələdə bunun mümkün görünmədiyini demək lazımdır. Çünki sözügedən ittifaq müdafiə məqsədi daşıyır.
Bununla yanaşı, son vaxtlar ABŞ-ın İranla sülh razılaşmasına nail olaraq bölgədən çəkilmək niyyətinə dair işarələr verməsindən, xüsusilə də İraqdan tamamilə çıxmaq qərarından sonra husilərin hücumlarının arxasında kimin dayandığını araşdırmaq lazımdır.
ABŞ-ın Yaxın Şərqdən çəkildikdən sonra Çinə qarşı genişmiqyaslı əməliyyat keçirə biləcəyi barədə fikirlər tez-tez səsləndirilir. Amerikanın bölgədən çıxmasını istəməyən tərəflər sırasında ilk növbədə Çin, daha sonra isə İsrail nəzərə alınarsa, bu prosesin arxasında kimin dayana biləcəyi daha aydın görünər.
Türkiyə Yaxın Şərqdəki gərginlikdə müharibə tərəfi olmaq əvəzinə, sülhə nail olunmasına yönəlmiş vasitəçilik rolu ilə çıxış etməlidir”.
Şəbnəm Rəhimova











