Kamil Musəvi sosial şəbəkələrdə yayılan müraciətlərin məzmununa və bu müraciətləri edən şəxslərin cəmiyyətdəki mövqeyinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, xüsusilə həssas siyasi proseslər zamanı xalqa ünvanlanan müraciətlər təsadüfi şəxslərin deyil, cəmiyyətdə nüfuz sahibi olan, zəkası, biliyi və xidmətləri ilə seçilən insanların fikirləri əsasında formalaşmalıdır.
Musəvi qeyd edib ki, cəmiyyətdə bütün dəyər göstəriciləri ilə seçilməyən şəxslərin xalqa siyasi məsələlərdə yol göstərməyə çalışması doğru yanaşma deyil.
“Bütün dəyər göstəriciləri ilə aşağı olanlar siyasi məsələlərdə xalqa necə yol göstərə bilər? Hər şeyi bu qədər ucuzlaşdırmayın. Başa düşün ki, cəmiyyətdə o qədər ağıllı, o qədər dəyərli insanlarımız var ki, onlar çətin dönəmdə dövlətin yanında olmağı söz xatirinə müraciət edənlərdən daha yaxşı bilir”, – deyə o bildirib.
Kamil Musəvi onu da vurğulayıb ki, ictimaiyyətə ünvanlanan açıqlamalar və dəyərli fikirlər, xüsusilə də həssas dönəmlərdə mühüm əhəmiyyət daşıyır. Lakin bu zaman fikir bildirən şəxslərin kimliyi, cəmiyyətdəki mövqeyi və dövlət, xalq qarşısındakı xidmətləri də nəzərə alınmalıdır.
Onun sözlərinə görə, belə proseslərdə siyasətçilərin, həqiqi ziyalıların, elm adamlarının, vətən və xalq qarşısında xidmətləri olmuş şəxslərin mövqeyinə daha çox yer verilməlidir.
O, həmçinin hesab edir ki, xalqa müraciət etmək məsuliyyət tələb edən bir addımdır və bu məsuliyyət şəxsin zəkası, elmi, biliyi və cəmiyyət qarşısındakı xidmətləri ilə uzlaşmalıdır.
Elmar











