İsrailə düşmən olan yəhudilər kimlərdir? - Fələstin xalqının yanında olan bu qrup haqqında maraqlı FAKTLAR - VİDEO

İsrail bayrağını yandırıb, bu dövlətin siyasətini tənqid edən yəhudilər var. Bu yəhudilər kimdir?

Gununsesi.info xəbər verir ki, bu barədə “Times Of Türkiye” süjet hazırlayıb.

Süjetdə qeyd edilir ki, bu yəhudi qrupu İsrail ordusunda xidmət etmirlər.

İsrailin Qəzzanı bombalamasına qarşı çıxan bir qrup yəhudi İsrail bayrağını yandıraraq, Fələstin xalqının yanında olduqlarını açıqlayıb. Dindar, yaxud ultra ortodoks yəhudilər olaraq tanınan bu qrup İsrail dövlətini yəhudi inancını təmsil etmədiyi  üçün tanımır. Fələstin xalqına qarşı silahdan istifadə etməyən ortodoks yəhudilər İsrail dövlətinin təzyiq və zorakılığına da məruz qalır.

İsrail əhalisinin 10 faizindən ibarət olan ultra ortodoks yəhudilər bu xalqın xilaskarı gəlmədən İsrail dövlətinin qurulmasının qeyri-qanuni olduğuna inanırlar. Bu səbəbdən yəhudilərin Fələstin dövlətinin suveren ərazisində yaşamağın vacibliyi fikrini müdafiə edirlər.

Bəzi etiraz aksiyalarında Türkiyə bayraqları qaldıraraq, sionizmlə mübarizə apardığı üçün Türkiyəyə təşəkkür edirlər.

Qeyd edək ki, ABŞ-da yaşayan bəzi yəhudi icmaları İsrailin Qəzzaya günlərdir davam edən hücumlarını qınayaraq, İsrailin hərəkətlərinin həm beynəlxalq hüquqa, həm də yəhudi qanunlarına zidd olduğunu vurğulayırlar.

Nyu-Yorkda müxtəlif din və millətlərdən olan insanların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə İsrailin Qəzzaya hücumları etiraz edilir. Bu etirazlar həm müsəlmanlar, həm də dini yəhudi icmaları tərəfindən əhəmiyyətli dəstək alır.