Ermənistan Milli Assambleyasının spikeri Ruben Rubinyan ailəsi ilə birlikdə hökumətə məxsus malikanəyə köçüb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Rubinyan parlament sədrinin müavini olduğu dövrdə İrəvanın mərkəzindəki çoxmərtəbəli binalardan birində yaşayırdı. Parlamentin İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri David Oqancanyan məlumatı təsdiqləyib.
Qəzet qeyd edir ki, son illərdə hökumət malikanəsində cəmi dörd nəfər yaşayıb: baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və parlamentin sabiq spikeri Alen Simonyan.
Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi təyin edildikdən və üçüncü dəfə evləndikdən sonra malikanədən köçüb. Onun yaşadığı evi indi Rubinyanın ailəsi tutub.
“Hraparak” yazır ki, hökumətə məxsus malikanələrdə yaşamaq yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi ilə mümkündür. Nəşrin fikrincə, bu, həmin vəzifəli şəxslərin statusunu və nüfuzunu artırır.
“Bu, baş nazirin həmin şəxslərə böyük əhəmiyyət verdiyini və onlarla işdən kənarda da ünsiyyət saxladığını göstərir”, – deyə qəzet yazıb.
2025-ci ildə hökumət malikanəsinin saxlanılması məqsədlə büdcədən 621 milyon dramdan (təxminən 1,56 milyon dollar) çox vəsait ayrılıb.








