Türkiyəli deputat: "Birliyimiz gücümüz, qardaşlığımız təminatımızdır"

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara millət vəkili Fuat Oktay Türkiyə ilə Azərbaycan arasında son günlər yaşandığı iddia edilən gərginliklə bağlı paylaşım edib.

Gununsesi.info 1news.az-a istinadən xəbər verir ki, Fuat Oktay “X” sosial şəbəkə hesabında yayımladığı mesajda “sağlam düşüncə və qardaşlıq hüququ” prinsipinin əhəmiyyətini vurğulayıb, türk dünyasının birliyini və həmrəyliyini hədəfə ala biləcək “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı diqqətli olmağa çağırıb.

O qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri “Bir millət, iki dövlət” şüarı əsasında müttəfiqlik təməlləri üzərində möhkəmlənir, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində isə türk dünyasının inteqrasiyası prosesi irəliləyir. Oktay bu prosesdə ayrılığa səbəb ola biləcək cəhdlərə qarşı diqqətli olmağın vacibliyini vurğulayıb.

“Fərqliliklərimizi qardaşlıq hüququ çərçivəsində dəyərləndirməliyik”

Fuat Oktay ortaq dəyərlərlə yanaşı, fərqli mövqelərin mövcudluğunun da təbii olduğunu bildirib. Onun sözlərinə görə, əsas məsələ bu fərqlilikləri qarşılıqlı anlaşma və qardaşlıq prinsipləri çərçivəsində dəyərləndirməkdir.

Oktay ortaq gələcəyə zərər vurmaq istəyən cəhdlərə qarşı sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini qeyd edərək, iki ölkə arasındakı köklü bağların qorunmasının əhəmiyyətinə diqqət çəkib.

“Türk dünyasının güclənməsindən kimlər narahatdır?”

Türkiyəli siyasətçi türk dünyasının güclənməsindən kimlərin narahat olduğunu və Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasından kimlərin fayda əldə edəcəyini sual edib.

O, bu məsələlərin birlik və həmrəyliyi daha da gücləndirəcək yanaşma ilə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

“Saxta bayraq” əməliyyatları və təxribatlara qarşı diqqətli olmaq lazımdır

Fuat Oktay “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı diqqətli olmağa çağıraraq, qardaşlığı hədəf alan cəhdlərə qarşı ayıq-sayıq olmağın vacibliyini bildirib.

Oktay mesajını “Birliyimiz gücümüz, qardaşlığımız təminatımızdır” sözləri ilə tamamlayaraq Türkiyə ilə Azərbaycan arasındakı həmrəyliyin və türk dünyasının ortaq gələcəyinin qorunmasının əhəmiyyətini vurğulayıb.

 

 

Gununsesi.info