
… Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər. Çünki o, 6 aylığında olanda, milis atasını qaçaqlar öldürmüşdülər…
Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından, anası Mələk xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladını – İdrisi və İlyası da götürüb, kəndə qayıtmışdı.
“Yetim İlyas” ləqəbini də elə burada – kənddə qoymuşdular.
Heç kim inanmazdı ki, gün gələcək, bu “Yetim İlyas” nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə, ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək – Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun həbsxanalara nəzarət idarəsinin rəisi, müstəqil Azərbaycanın Ədliyyə naziri, hüquq elmləri doktoru olacaq!
Bütün bu nailiyyətləri isə o “Yetim İlyas” yalnız həyat uğrunda amansız mübarizədə formalaşmış güclü xarakterinin, sarsılmaz iradəsinin və ağır zəhmətinin hesabına əldə edəcəkdi!
O, 3 aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: bir cəsur oğlunu – Etimadı düşmən gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlunun – Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı, dözdü, dözdü, dözdü…
Nəhayət, bu gün – fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu.
Elxan Şükürlü,
Ədalət Partiyasının sədr müavini