
Birləşmiş Ştatların Gürcüstan rəsmilərinə qarşı sanksiyaları hökumətin “xarici agentlər” qanunu ilə bağlı mövqeyini dəyişməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze bildirib.
“Söhbət ölkənin maraqlarından, gələcəyindən gedirsə, sanksiyalar bizim qərarımızı dəyişməyəcək, heç kim sanksiyalardan qorxmur”, – Kaladze deyib.
O, həmçinin qeyd edib ki, sanksiya siyahısına şəxsən daxil edilib-edilməməsi barədə ona bildiriş gəlməyib.
Kaladze Vaşinqtonun qərarını “qeyri-ciddi və gülünc” adlandırıb. Onun sözlərinə görə, sonuncu dəfə 2000-ci illərdə “Milan” futbol klubunda çıxış edəndə ABŞ-da olub və bir daha ora getmək arzusu yoxdur.
Birləşmiş Ştatlar Gürcüstanda demokratiyaya xələl gətirdiyinə görə onlarla insana viza məhdudiyyəti tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Buraya o cümlədən ölkənin hakim “Gürcü Arzusu” partiyasının üzvləri, deputatları və hüquq-mühafizə orqanlarının əməkdaşları daxildir.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller vurğulayıb ki, Vaşinqton Gürcüstan liderlərinin öz qərarlarına yenidən baxacaqlarına ümid edir: “Bunu etməsələr, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır”.
Gununsesi.info