Gürcüstan nüvə tədidlərinə qarşı planlarını açıqladı

Gürcüstanın xüsusi xidmət orqanları bildirirlər ki, ölkə hakimiyyəti regionda nüvə müharibəsi başlayacağı təqdirdə müfəssəl plan hazırlayıb.

Gununsesi.info “Georgia Online” portalına istinadən xəbər verir ki, bunu ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili deyib.

“Mövcud çağırışlar nüvə silahından istifadəni istisna etmir. Mən ölkəmizi nəzərdə tutmuram, bütövlükdə regionu nəzərdə tuturam”, – deyə Liluaşvili qeyd edib.

Onun sözlərinə görə, hazırlanmış planda Gürcüstanın hər bir dövlət qurumu üçün fəaliyyət ssenariləri nəzərdə tutulub.

Xüsusilə, Səhiyyə Nazirliyi əhali arasında paylanacaq “dərmanların siyahısını artıq tərtib edib”, həmçinin xəsarət alanlara təcili tibbi yardımın alqoritmini təyin edib.

“Xoşbəxtlikdən və ya təəssüf ki, biz son COVID-19 pandemiyası zamanı belə işlərdə böyük təcrübə qazandıq”, – Liluaşvili qeyd edib.

Eyni zamanda o, bomba sığınacaqlarının bəzilərinin istifadəyə yararsız ola biləcəyini də etiraf edib. Mövcud təhlükə ilə əlaqədar olaraq, Liluaşvilinin fikrincə, Gürcüstan “həm ölkə daxilində, həm də xaricdə mülayim, praqmatik siyasət yürütməlidir”.

Qeyd edək ki, Rusiya müntəzəm olaraq nüvə silahından istifadə ilə bağlı təhdidlərə əl atır.

Xüsusilə, Rusiya Dövlət Duması bu yaxınlarda Nüvə Sınaqlarının Qadağası Müqaviləsinin ratifikasiyasını ləğv edən qanun layihəsinin qəbulunu başa çatdırdı ki, bu da Moskvanın onların həyata keçirilməsinin mümkünlüyü ilə bağlı hüquqi mövqeyini dəyişdirəcək.

NATO-nun baş katibi Yens Stoltenberq Moskvanın nüvə sınaqlarına qadağa müqaviləsinin ratifikasiyasını geri götürməklə bağlı hədələrini məsuliyyətsizlik adlandırıb, lakin Rusiyanın nüvə qüvvələrinin yerləşdirilməsində heç bir dəyişiklik olmadığını qeyd edib.

Qərb dövlətlərinin kəşfiyyatı və rəhbərləri, ümumiyyətlə, Rusiyanın nüvə silahından istifadə etməsini çətin hesab edirlər.

Səid Əhmədli
Gununsesi.info