Zelenski Baydenə Ukraynanı dəstəkləməklə bağlı çıxışına görə təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenə Ukrayna və İsrailə yardımın əhəmiyyəti ilə bağlı xalqa xüsusi müraciətində səsləndirdiyi mövqelərə görə təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski cümə günü səhər “X” sosial media hesabında yazıb.

“Mən ABŞ prezidenti Co Baydenə güclü çıxışına görə təşəkkür edirəm. Biz birlikdə nifrətin azadlığı məhv etməsinə imkan verməyəcəyik və terrorçuların demokratiyanı məhv etməsinə icazə verməyəcəyik. Ukrayna ABŞ-a göstərdiyi bütün dəstəyə və humanizm, azadlıq, müstəqillik və qaydalara əsaslanan beynəlxalq nizamın həmişə zəfər çalacağına sarsılmaz inamına görə minnətdardır. Bizim ümumi məqsədimiz bütün xalqlarımız üçün azad həyat tərzini qorumaqdır”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, bütün dünya, xüsusən də “təcavüz və terrorizmə qarşı müqavimət göstərən ölkələr ümumi azadlığı qorumaq üçün Amerikanın rəhbərliyinə arxalanır”.

“Birləşmiş Ştatlarda Ukraynaya ikitərəfli sarsılmaz dəstək bütün döyüşçülərimiz və bütün xalqımız üçün böyük ilhamdır. ABŞ-ın Ukraynanın müdafiəsinə yatırdığı sərmayə bütün Avropa və dünya üçün uzunmüddətli təhlükəsizliyə zəmanət verir”, – deyə Ukrayna dövlətinin başçısı vurğulayıb.

Qeyd edək ki, Bayden xalqa müraciətində bildirib ki, ABŞ Konqresi Ukraynaya silah tədarükünü dayandırmadan davam etdirmək üçün əlindən gələni etməlidir.

O, Konqresdən Ukrayna və İsrailə maliyyə yardımı istəməyi planlaşdırdığını təsdiqləyib və bunun “kritik tərəfdaşları, o cümlədən İsrail və Ukraynanı” dəstəkləmək üçün zəruri olduğunu qeyd edib.

Gununsesi.info