Türkiyədə matəm elan olunmasını tənqid etdi, baha başa gəldi

Müğənni Zeynep Bastık Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan edilməsini tənqid edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə türkiyəli ifaçı sosial media hesabında yazıb.

“Hamımız mövcud müharibədən, sonlanan canlardan son dərəcə kədərliyik. Qorxunc görüntülərin təsirindəyik. Lakin bizim də başqaları kimi öz peşəmiz, davam etdirmək məcburiyyətində olduğumuz işimiz var. Baş verən acını yaşayarkən gözlənti ilk və tək şey konsertlərin, teatr səhnələrinin, sənətə dair bütün fəaliyyətlərin ləğv edilməsi olmalıdır? Böyük bir sektoruq və minlərlə insan bu işdən evinə çörək pulu aparır. Digər peşə sahibləri kimi bizim də öhtəliklərimiz, ailəmiz, həyatımız var. Bu qərar alınıbsa, ona sayğı duyuruq. Zatən qeyri-rəsmi formada günlərdir yasdayıq. Lakin niyə acını paylaşmaq sadəcə minlərlə insanın işini dayandırması deməkdir, bunu anlaya bilmirəm” deyə, Zeynep bildirib.

Müğənninin bu açıqlaması Türkiyənin sosial media seqmentində müzakirələrə səbəb olub və tənqidlə qarşılanıb. İzləyicilər onun ünvanına sərt sözlər yazıblar.

Qeyd edək ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. `

Onu da qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə matəm ölkədə oktyabrın 21-i axşam bitəcək.

 

Gununsesi.info