44 günlük Vətən müharibəsinin 100-ə yaxın iştirakçısı hüquqlarının bərpası üçün Konstitusiya Məhkəməsinə müraciət edib.
Müharibə iştirakçıları Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyası, “Veteranlar haqqında” Qanun və digər hüquqi sənədlər arasında ziddiyyətlərin olduğunu bildirərək məhkəməyə müraciət ediblər.
BUNA DA BAX:
Gununesi.info-ya dəfələrlə müraciət edən hərbçilər bu dəfə də məhkəmədən ədalətli qərar gözləyirlər.
Müraciət edən hərbçilərdən biri saytımıza açıqlamasında bildirib ki, məsələ ilə bağlı artıq yeddi aydır qərar qəbul olunmur. Onlar həm Konstitusiya Məhkəməsinə, həm də Milli Məclisə müraciət ediblər:
“Keçən həftə Konstitusiya Məhkəməsində oldum. Hakimlər dəyişib, lakin hələ də qərar qəbul edə bilmirlər. İşdə ziddiyyətlər var. Milli Məclisdə də olmuşuq, qanunvericilik şöbəsinə müraciət etmişik. Artıq yeddi aydır ki, bir qərarın verilməsini gözləyirik.
May ayından müraciət etmişik. Məhkəmə iclaslarına dəfələrlə qatılmışıq, gedib-gəlirik, amma hələ də yekun qərar yoxdur. Bizim istəyimiz yalnız ədalətli qərarın qəbul edilməsidir. Ən azı, hüquqi statusumuzun müəyyənləşdirilməsini istəyirik.
Əli Hüseynli ilə də görüşmüşük. İndi gözləyirik ki, məsələ ilə bağlı ədalətli qərar qəbul edilsin. Bu qədər əziyyət çəkmişik, döyüş tapşırıqlarını yerinə yetirmişik, döyüş əmrinə görə ödəniş almışıq, müharibə iştirakçısı olmuşuq. Buna baxmayaraq, yeddi aydır hüquqi statusumuzla bağlı qərar verilmir. Vəkilimiz iş üzrə 10 ziddiyyət müəyyən edib.
Biz istəyirik ki, işə ədalətli baxılsın və qanuni qərar qəbul edilsin. Biz sadəcə öz haqqımızı istəyirik. Uzun müddətdir məhkəmə proseslərinin qapalı keçirilməsindən də narazıyıq. İstəyirik ki, məsələ sizin vasitənizlə işıqlandırılsın. Məqsədimiz gözlədiyimiz ədalətli qərarın qəbul olunmasıdır”.
Şəbnəm Rəhimova












