Azərbaycanlılar Avropaya vizasız gedə biləcəklərmi?

  • Müəllif: Orxan
  • 25 Noyabr 2026 16:32

Litva Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında vizasız gediş-gəlişə imkan yaradacaq prosesin irəliləməsinə dəstək verəcəyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 25-də Bakıda Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, ölkəsi 2027-ci ilin ilk yarısında Aİ Şurasına sədrlik edərkən bu istiqamətdə konkret nəticələr əldə etmək istəyir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da təşəbbüsü müsbət qiymətləndirib.

O, Azərbaycanın Avropa İttifaqı vətəndaşları üçün viza məhdudiyyətlərini tamamilə aradan qaldırmağa hazır olduğunu bildirib.

Lakin vizasız rejimlə bağlı qərarı Litva təkbaşına qəbul edə bilməz. Bunun üçün Avropa İttifaqı səviyyəsində müvafiq hüquqi prosedurlara başlanmalıdır.

Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsinə dair saziş 2013-cü ildə imzalanıb, 2014-cü ildə qüvvəyə minib. Saziş viza rüsumunun 35 avroya endirilməsini, tələbələr, jurnalistlər və təqaüdçülər də daxil olmaqla, müəyyən kateqoriyalardan olan şəxslərə ödənişsiz viza verilməsini nəzərdə tutur.

Ancaq ötən 12 il ərzində Azərbaycanla Aİ arasında Şengen zonasına vizasız səyahətə imkan verəcək dialoq hələ də başlamayıb.

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrdən: Moldova – 2014-cü ildən; Gürcüstan – 2017-ci ildən; Ukrayna – 2017-ci ildən vizasız rejimə keçib.

Ermənistan isə 2024-cü ildən viza liberallaşması üzrə dialoqa başlayıb.

Litvanın yeni təşəbbüsünün Azərbaycan üçün konkret nəticə verib-verməyəcəyi hələ məlum deyil.

Gununsesi.info