Bu ölkədə 100-dən çox yazıçı həbsdədir

  • By admin
  • 16 May 2024 10:28

Çində 100-dən çox yazıçı, bloqer yazı və əsərlərinə görə həbs cəzası çəkir.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə söz və yaradıcılıq azadlığının müdafiəsi ilə məşğul olan “PEN America” təşkilatının “Yazmaq Azadlığı” adlı hesabatında bildirilir.

Hesabat müəlliflərinin sözlərinə görə, 2023-cü ildə Çində həbsdə olan yazıçı və publisistlərin sayı ilk dəfə 100-ü keçərək 107 nəfərə çatıb. Onların təxminən yarısı internetdə postlarına görə məhkum edilib.

Eyni zamanda, hakimiyyətə “sədaqətsizlik” ifadə edən sözlərə görə məhkum olunan çinlilərin ümumi sayı xeyli çoxdur. Məsələn, “Sərhədsiz Reportyorlar” Təşkilatının məlumatına görə, hələ 2020-ci ildə ölkədə siyasi məhbus sayılan jurnalistlərin sayı 100 nəfəri keçib.

“PEN America” hesabatının müəllifləri dünyada sözə görə təqib edilən ən azı 339 yazıçının olduğunu bildirirlər.

“PEN Amerika”nın Tədqiqat şöbəsinin direktoru Ceyms Teyqer deyir ki, Çində fikirlərinə görə həbs olunanların faktiki sayı xeyli çox ola bilər. Hesabata azadlıqda olan, lakin senzuraya məruz qalan və ya özünü senzura etməyə məcbur olan yazıçılar daxil deyil.

Kifayət qədər loyal olmayan yazılara görə həbs olunan Çin vətəndaşları adətən “mübahisələri qızışdırma” və “iğtişaşlara təhrik”də ittiham olunurlar. Hətta Çin rəsmiləri əvvəllər bu ittihamların çox yayğın və ədalətsiz istifadə oluna biləcəyini istisna etməmişdilər.

 

Günay Mahirqızı

Gununsesi.info