Qarabağ Universitetinin digər universitetlərdən FƏRQİ: Xaricdə təhsil almış tələbələrə çağırış TƏKLİFİ -"İş adamları da bu ali təhsil ocağına dəstək olmalıdır"

Xəbər verdiyimiz kimi , elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında Qarabağ Universitetinə qəbul planının təsdiqləndiyini bildirib.

Nazirin sözlərinə görə, universitetdə infrastrukturla bağlı işlər davam edir, iyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək.

Nazir onu da əlavə edib ki, Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır və bütün tələbələrə təhsil ödənişsiz olacaq.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev Gununsesi.info-ya açıqlamasında bu qərarı müsbət qarşıladığını və tələbə kontingentinin böyük rəqəm olduğunu bildirib:

“Əsas məsələ Qarabağ Universitetində təhsilin keyfiyyətini yüksəltməkdir. Bildiyimiz kimi, Azərbaycanda 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası qəbul olunub. Həmin strategiyada iki tədqiqat universitetinin yaradılması nəzərdə tutulub. Hesab edirəm ki, Qarabağ Universitetinin yaxın zamanlarda, yəni fəaliyyətindən bir müddət sonra tədqiqat universiteti statusunun verilməsi olduqca böyük əhəmiyyət kəsb edə bilər.

Qarabağ Universitetinin digər universitetlərdən fərqi ondan ibarətdir ki, universitet üçün geniş bir sahə nəzərdə tutulub. Burada çox geniş böyük kampusların, kiçik silikon vadilərin inşa olunması universitetin tədqiqat universiteti hədəfinə yaxınlaşmasına səbəb ola bilər.

2007-2015-ci illərdə xaricdə təhsil alan tələbələrin təhsili dövlət tərəfindən maliyyələşdirilib. Həmin məzunlara çağırış etmək lazımdır ki, onlar gəlib Qarabağ Universitetində fəaliyyət göstərsinlər. Şübhəsiz ki, universitet yeganə təsisatlardan biridir ki, bölgənin inkişafına, bölgədə canlanmaya böyük təkandır. Burada işlər çox rasional şəkildə təşkil olunmalıdır”.

 

Deputatın sözlərinə görə, Azərbaycanda digər sahələrdə də mütəxəssis hazırlığı gücləndirilməlidir.

 

“Düşünürəm ki, növbəti mərhələlər də biz bu fəaliyyətdən sonra qiymətləndirmə edə biləcəyik. Qarabağ universitetinə daxil olan tələbələrin hansı göstəricilərə görə, hansı bala görə oranı seçmələri bunun özü də çox böyük əhəmiyyət kəsb edir. Bu da müəyyən ekspert fikirləri söyləmək üçün əsaslar yaradacaqdır.

Nümunə olaraq bir məsələyə toxunmaq istərdim ki, 170 hektar ərazisi olan Kutaisi Universitetinə milyonçulardan biri 1 milyard avroya yaxın pul yatırıb. Bu vacib bir məsələdir. Eynən də Qarabağ Universitetinə də belə olsa yaxşı olar. Təkcə dövlətin vəsaitlərinə arxayınlaşmaq olmaz. Eyni zamanda iş adamları da bu universitetə vəsait ayırmalı və dəstək olmalıdır. Universitetdə yeni laboratoriyaların, silikon vadilərinin açılması təqdirə layiq olardı.

Qeyd edim ki, universitetlər təkcə dövlətin vəsaitlərinin hesabına sürətli şəkildə inkişaf edə bilməzlər. Çağırışlar olmalıdır ki, ölkədə və xaricdə yaşayan imkanlı şəxslər universitetə dəstək olsunlar”.

Deputat əlavə edib ki, təhsilə qoyulan dəstək insan kapitalına verilən dəstəkdir: “Qoyulan hər bir vəsait bir müddətdən sonra öz gəlirini gətirir”.

Gununsesi.info-ya açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, növbəti illərdə artıq hər il 1500-2000 tələbə qəbul etməklə yaxın 3-4 il ərzində 5000 tələbə bu universitetdə təhsil alacaq:

“Qarabağ Universitetinə qəbul planı artıq təsdiqlənib. Burada 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Növbəti illərdə artıq hər il 1500-2000 tələbə qəbul etməklə yaxın 3-4 il ərzində 5000 tələbə bu universitetdə təhsil alacaq. Bütün tələbələr ödənişsiz təhsil alacaq.

Sentyabr ayında etibarən digər universitetlərdə olduğu kimi, Qarabağ Universitetində də tədris başlanılacaq. İyunun sonuna qədər universitetin yataqxanası, tədris binası və digər əsas işlər yekunlaşacaq.

Universitetdə təhsilin pulsuz olması, tələbələrin yataqxana ilə təmin edilməsi ilə yanaşı, hər bir ixtisas üzrə yüksək bal toplayan tələbələrə əlavə təqaüd də veriləcək. Həmçinin hər bir tələbəyə kompüter veriləcək. Bu universitetdə təhsilin növbəti illərdə də bu şəkildə ödənişsiz olması barədə rəsmi rəy yoxdur. Düşünürəm ki, yaxın illərdə təhsilin ödənişsiz olması prosesi davamlı olacaq. Ödənişsiz şəkildə qəbul edilən tələbələr universiteti bitirənə kimi təhsillərini dövlət sifarişi əsasında başa vuracaqlar.

Bu il pedaqogika, iqtisadiyyat, turizm, mühəndislik, humanitar sahələr olmaqla, musiqi və incəsənətlə birgə 6 fakültə olacaq. Düşünürəm ki, bu universitet infrastrukturuna, keyfiyyətli təhsilinə görə yaxın zaman çərçivəsində regionun ən güclü ali təhsil müəssisəsinə çevriləcək”.

Ekspert deyir ki, Qarabağ Universitetinə hələ ki, rektor təyin edilməyib:

“Universitetə üç proqram rəhbərinin qəbulu artıq bitib. Müəllim kadrların təyinatına gəlincə, yerli ali təhsil müəssisələrinin müəllim heyəti ilə mübadilə olacaq”– deyə Rizvan Fikrətoğlu bildirib.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info