
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə sabiq deputat, iş adamı Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, məhkəmədə ifadə verən Bəydəmirli heç bir cinayət törətmədiyini deyib: “Mənə irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı da yalandır. Sadəcə, ötən ilin iyununda Gədəbəyin Söyüdlü kəndində yerli sakinlərin etirazlarıyla əlaqədar çıxışlarım oldu. Bundan sonra mənə böhtan ataraq, özümün şikayətçi olduğum işə görə həbsimə nail oldular. Mən bu səbəbdən də özümü “ekologiya məhbusu” hesab edirəm”.
Məhkəmədə vəkil Aqil Layıc hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb.
Vəkil bildirib ki, müvəkkilinə 1996-cı ildə Rusiyada hədə-qorxu ilə pul tələbi ittihamı verilib. Lakin 1997-ci ilə qədər Cinayət Məcəlləsində belə bir maddə mövcud olmayıb: “Hələ əmələ görə məsuliyyətə cəlbetmə müddətinin çoxdan keçməsindən danışmıram. Belə bir maddə o zaman mövcud olmadığı halda, adama necə ittiham verilə bilər? İkinci ittiham epizodunda iddia edilir ki, Nazim Bəydəmirli intim videolarla şantaj edərək, pul istəyib. Hansı intim videolardan söhbət gedir? Bununla bağlı sübut hardadır? Hüquqlarını müdafiə etdiyim şəxsin həbsdə qalması üçün zərurət yoxdur. Alim adamdır, yaşayış yeri məlumdur, ailəsi, övladları var”.
Nazim Bəydəmirli vəkilinin dediklərilə razılaşaraq, əlavə edib ki, səhhətində problemlər var: “Ailəm narahat olmasın deyə dilimə gətirmirəm”.
Ancaq məhkəmə heç bir əsaslandırma gətirmədən Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılmasına dair vəsatəti rədd edib.
Daha sonra prokuror Eldar Məmmədov ittiham aktını elan edib. İttihama görə, Nazim Bəydəmirli 1996-cı ildə Rusiyada spirtli içki biznesi ilə məşğul olan azərbaycanlı Mürsəl İbrahimovu kriminal aləmin adamları vasitəsilə hədələyib. O, özü və ailə üzvlərini oğurlatdırmaq, öldürməklə şantaj olunaraq, biznesə yatırdığı 40 min dollardan imtina etməsi və əlavə 70 min dollar pul tələb olunub. Mürsəl İbrahimov məcbur olub, həm 40 min dollarlıq yatırımdan imtina edib, həm də Nazim Bəydəmirliyə 28 min dollar pul ödəyib. İttihama əsasən, bu hadisədən sonra Mürsəl İbrahimov ailəsini təhlükəsizlik məqsədilə Azərbaycana göndərsə də, Nazim Bəydəmirli ondan yenə pul tələb edib. Bu dəfə 50 min dollar tələb edib və sonda 30 min dollar alıb. Nazim Bəydəmirliyə qarşı irəli sürülən daha bir hədə-qorxu ilə tələb etmə ittihamı isə 30 faiz pay sahibi olduğu “Avto-Qarant” ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri Ədalət Bağırovla bağlıdır. İttihama əsasən, Nazim Bəydəmirli onu müxtəlif qadınlarla intim görüntülərini internetdə yaymaqla hədələyib və 50 min manat pul tələb eləyib. 2023-cü ilin iyununda isə ondan 10 min manat pul alıb.
İttihamda yazılanlara münasibət bildirən Nazim Bəydəmirli onları qəbul etməyib, şər-böhtan adlandırıb. O bildirib ki, 2005-ci ildə deputat seçiləndə məni tam araşdırıblar. Əgər 1996-cı ildə cinayət törətmiş olsaydı, o zaman üzə çıxarardılar. 90-cı illərdə Rusiyada meyvə-tərəvəz bazası olduğunu xatırladan Nazim Bəydəmirlinin sözlərinə görə, kiməsə qarşı şantaj xarakterli və ya başqa cinayəti olmayıb: “Mənim həbsim fürsət oldu. Onu tapıb, əleyhimə istifadə eləyiblər. Kimisə kriminal aləmlə, ailəsilə hədələmək mənlik deyil. Hikmət Sabirabadlı vardı, Rövşən Lənkəranski vardı, nədir, mən də Nazim Gədəbəyskiyəm?”
ƏDALƏT BAĞIROV ƏMİSİOĞLUNU DA TUTDURUB, QOHUM-QARDAŞI HAMISI ONDAN NARAZIDIR
Digər ittiham epizoduna gəlincə, Nazim Bəydəmirli bildirib ki, şirkətin səhmlərinin 30 faizini bankdan götürdüyü kreditlə hərracda satın almışdı. Pay sahibi olmasına baxmayaraq, Ədalət Bağırov onu şirkətə yaxın buraxmırdı. İllərlə əmlakından istifadə edə bilmədiyini deyən keçmiş deputat məhkəmənin nəzərinə çatdırıb ki, Ədalət Bağırovdan, hətta öz yaxın qohumları – qardaşı, anası, əmisi oğlu da şikayətçi olub: “Bu, öz əmisi oğlunu tutduran adamdır. Bu səbəblərdən 2013-cü ildə əmlakın bölünməsini istədim, lakin alınmadı. Anası, qardaşı ondan şikayətçi olub. Qardaşı “bandotdel”ə şikayət eləmişdi. Onunla mübahisələr pandemiya dövrünə qədər davam etdi. Müxtəlif dövlət orqanlarına müraciətlər göndərmişdim. Baş prokurorun qəbulunda olmuşdum, Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda olmuşdum”.
Nazim Bəydəmirli bildirib ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev də bu məsələ ilə əlaqədar şikayətinə görə onu qəbul edib. Onun sözlərinə görə, 2023-cü il iyulun 4-də idarəyə növbəti dəfə şikayətinin nəticəsilə maraqlanmaq üçün getmişdi. Lakin həmin gün onu saxlayıb, bir neçə saat sonra ittiham irəli sürüblər: “Bu iş “bandotdel”də müstəntiq Ayaz Bayramovun icraatında idi. Müstəntiq təklif elədi ki, Ədalət Bağırovla görüşək, bəlkə razılığa gəldik. Görüş üçün də mənə Ədalət Bağırov özü zəng eləmişdi. O görüşdə mənim onu şantaj eləməyim barədə nə sübut var? Ola da bilməz, çünki elə şey olmayıb. Mənə 1,5-2 milyon arası ziyan dəyib. İllərlə dövlət strukturlarına müraciət edib, haqqının bərpası üçün qanuni yollar axtaran adam şantaja baş vurarmı?”
Nazim Bəydəmirli əlavə edib ki, Ədalət Bağırovla aralarında mübahisə davam etdiyi bir vaxtda “Söyüdlü hadisələri” baş verib. Onun sözlərinə görə, sakinlərin etiraz etdiyi qızıl zavodunun açılışında 2009-cu ildə prezident, zavodun rəhbəri ilə yanaşı o da iştirak edib.
Çünki həmin dövrdə Gədəbəyin deputatı idi. Bu səbəbdən etirazlar baş verəndə o da həmin hadisələrlə bağlı fikirlərini mediada bildirib: “Az sonra bəzi KİV-lərdə mənimlə bağlı böhtanlar yaymağa başladılar. Guya Söyüdlü hadisələrini keçmiş deputat Nazim Bəydəmirli və keçmiş icra başçısı Saleh Rüstəmli təşkil edib. Bu, mənə çamur atmaq idi. Mənim fəaliyyətimdə dövlətin, xalqın, prezidentin mənafeyinə zidd heç nə yoxdur. Mən indiyə qədər prezidenti nəinki təhqir, hətta tənqid də eləməmişəm. Ümumiyyətlə, mənim dövlətimin, xalqımın qarşısında heç bir günahım yoxdur. Nə iqtidara aidiyyətim var, nə də müxalifətə. Müstəqil deputat olmuşam, fəaliyyətimdə də nə varsa, hamısı şəffaflıqla bağlıdır. Gədəbəy hadisələrilə bağlı kimisə qurban vermək lazım idi, o da mən oldum. Mənə çamur ataraq, həbsimə nail oldular”. O, əlavə edib ki, həbsdə olduğu müddətdə ona müxtəlif vədlər verilib, həbsilə bağlı anlaşılmazlığın qısa vaxtda aradan qalxacağı deyilib, bir çox məsələləri ictimailəşdirməməsi istənilib. O da razılaşıb, hətta Avropa Məhkəməsinə və başqa beynəlxalq qurumlara şikayət də göndərməyib: “Axırıncı dəfə mənə dedilər ki, Rusiya epizoduna xitam veriləcək. Sonra ittiham aktını alanda gördüm ki, bu da yalan oldu. Mən özümü “ekologiya məhbusu” hesab edirəm. Qarşıdan da ekologiya ilə bağlı beynəlxalq forum gəlir, “COP29” Azərbaycanda keçiriləcək. Belə bir vaxtda ölkədə “ekologiya məhbusu” olması nə dövlətə, nə hüquq-mühafizə orqanlarına başucalığı gətirir. İnsanların şəxsiyyətinə baxmaq lazımdır”.
Günay
Gununsesi.info