“Dollardan imtina edən ölkələrə sanksiya tətbiq olunsun” -Trampın təklifi var

 ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirləri xarici ticarətdə dollardan istifadə etməkdən imtina edən ölkələrə qarşı sanksiyalar tətbiq etməyi düşünürlər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Tramp builki prezident seçkilərində qalib gəlsə məhdudiyyətlər həm ABŞ-ın rəqiblərinə, həm də müttəfiqlərinə təsir edəcək.

Bildirilir ki, mümkün məhdudlaşdırıcı tədbirlərə ixrac nəzarətinin tətbiqi, valyuta ilə manipulyasiya ittihamları və tariflər daxildir. Tramp komandası inkişaf etməkdə olan ölkələrin dollardan asılılığı azaltmaq üçün atdığı addımlara qarşı çıxmaq istəyir.

“Co Baydenlə siz standart olaraq dolları itirəcəksiniz. Bu, indiyə qədər itirdiyimiz ən böyük müharibəni itirmək kimi olacaq”, – deyə Tramp dünənki çıxışında deyib.

O, Amerikanın hazırkı hakimiyyətinin siyasətini dolların mövqeyini sarsıtmaqda ittiham edib.

Qeyd edək ki, bundan əvvəl Tramp “ölkələrin dollardan imtina etməsinə icazə verməyəcəyini” də demişdir. Onun sözlərinə görə, əgər dollar hesablamalarda standart olmaqdan çıxarsa, bu, ABŞ iqtisadiyyatının məhvinə və inflyasiyanın nəzarətdən çıxmasına səbəb ola bilər. Eyni zamanda Tramp hesab edir ki, ABŞ artıq tənəzzül dövrü yaşayır.

 

 

 

Şəbnəm

Gununsesi.info