Dünyanı “COVİD-19” qorxuya saldığı bir vaxta bir xəstəxana problemindən yazmaq istədim. Məlumdur ki, başqa ölkələrdə olduğu kimi bizdə də artıq bu virusa yoluxanlar və dünyasını dəyişənlər var. Prezidentin bu istiqamətdə ciddi tapşırıqları və Nazirlər Kabinetinin keçirdiyi iclaslardan da bəlli olur ki, Dövlət bu məsələ ilə bağlı əhəmiyyətli addımlar atır. Və bu ciddi məsələyə karantin elan olunması, şəhərə giriş-çıxışın məhdudlaşdırılması kimi tədbirlərlə ciddi münasibət göstərir. Mənim isə, danışacağım məsələ qeyri-ciddi yanaşılan məsələdir.
Bizim kəndimizdə – Qobustan rayonunun Göydərə kəndində, düz evimizin yanında Dövlət tərəfindən 10 ildən artıqdır ki, bir xəstəxana tikilib. Xəstəxanamız ikimərtəbəlidir. Tikilişi də gözəldir. Gözəl olmayan tərəfi budur ki, bu xəstəxananın həkimi yoxdur. Ta əvvəldən. Nə sirdirsə, süpürgəçisindən tutmuş qarovulçusuna qədər hamısı var, bircə həkimi yoxdur. Ona görə yox ki, bu kənddə xəstə olmur, ona görə ki, bu xəstəxanaya biganəlik var. Tərslikdən xəstəxana evimizin yaxınlığında olduğundan, hər görəndə ürəyim ağrayır. Dövlətin malına heyifim gəlir.
Balam, bunun həkimi olmayacaqdısa, niyə tikirdiniz? Və ya tikmisinizsə niyə həkimi yoxdur? Bu xəstəxanaya insan nəfəsi dəymədiyinə, yavaş-yavaş sökülüb-dağılmağa da başlayıb. Bu yaxınlarda bu xəstəxananın unitTAC(z)ını da oğurladılar. Xəstəxananın tacı həkimdir. Tacı yoxdursa, uniTACı kimə lazımdır?
Özü də fikir vermişəm, xəstəxana üzüqibləyə tikilib. Sanki xəstəxananın həkimsizlik taleyi doğuşdan (tikilişindən) yazılıb. Pərvanələr şəmin başına dolandığı kimi, ilboyu göyərçinlər, bayquşlar dolanır xəstəxanamızın başına. İndi bu koronavirusun tüğyan etdiyi bir vaxtda özümüzdə narahatlıq, halsızlıq hiss etsək, qızdırmamızı, təzyiqimizi ölçdürməyə bayquşların qəbuluna gedək? Bu xəstəxana bir Dövlət binası olaraq, Səhiyyə Nazirliyininmi, Qobustan rayon İcra hakimiyyətininmi, nə bilim kimlərin sərəncamındadırsa, buna bir əncam etsinlər. Demirəm, bir professoru gətirib əyləşdirin burada, istədiyimiz odur ki, heç olmasa bir tibb bacısı, nə bilim, tibb xalaqızısı gəlib bu xəstəxanada məqamın qurub əyləşsin.
Bir-iki dəfə bizim Zəm-zəm suyu içmiş ağsaqqallarımız müraciət ediblər. Və lakin, “gələn yoxdur, maaş az olduğuna heç kəs gəlmir” ibrətamiz cavabını alıblar. Maaş azdır, maaşın qaldırın, gəlsin. İndi də ölkədə həkimlərin maaşı artırılıb. Hörmətli aidiyyatı olan şəxslər, iri müəllimlər, şansınızı bir də sınayın. Bu dəfə gəlməmiş olmazlar. Biz də bilək ki, bir ağxalatlımız var. Vallah orada bir ağxalatlı görsək, virusa qarşı psixolji müqavimətimiz də artar. Yoxsa, əsgərsiz səngər kimi, həkimsiz xəstəxana kimə lazımdır? Adicə bir iynə vurdurmaqdan ötrü, camaat ya qonşu kəndə gedir, ya da rayon xəstəxanasına. Qonşu kəndin həkiminin də 10 dəqiqə vaxtı yoxdur. 3 kəndin əhalisi qəbulundadır. Xəstəxanamız ola-ola biz niyə həkim dalınca gəzək ki? Qazı, suyu, yolu, yeni məktəb binası olan – Dövlət var olsun, bunları edib – bir kəndə həkim gətirtmək bu qədərmi həll olunmaz problemdir?!
Əgər həkim və ya həkiməbənzər kimisə göndərməyəcəklərsə, heç olmasa, bu binanın adını xəstəxana qoymasınlar. Məsələn, GKKMİ – Göydərə Kənd Küləkdən Mühafizə İdarəsi adlandırmaq olar. Lap elə həkim də göndərmək olar! Allahın iznilə, Dövlətin dəstəyilə xəstəxanamız hazırdır (10 il +), “COVİD-19”-un da ayağı düşə, xəstəxanamıza həkim də gələ, olar əntiqə. Coronavirus ərinməyib basa-basa Çindən durub buraya gələ bilir, indi deyirsiniz, ölkəmizdə bir həkim, tibb bacısı, tibb qardaşı tapılmayacaq ki, buradan-bura xəstəxanamıza gəlsin?!
Yusif Nazim Ərəbsoy xüsusi olaraq,
Gununsesi.org üçün
COMMENTS