Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon danışığı aparılıb.

 

Gunusesi.info – ya bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, telefon danışığı zamanı ATƏT gündəliyində duran məsələlər, eləcə də regional vəziyyət müzakirə edilib.

 

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

 

C.Bayramov, həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmizin məsələlərə yanaşması barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

 

Bununla yanaşı, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ATƏT və sədrlik ilə mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info