
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden növbəti prezident seçkilərindən geri çəkilib.
Amerika liderinin Respublikaçılar Partiyasının namizədi Donald Trampla debatda uğursuzluğu, maliyyəçilərlə uğursuz danışıqları və səhhətindəki ciddi problemlər buna səbəb oldu.
Ötən həftə ABŞ prezidentinin koronavirus xəstəliyinə də yoluxduğu məlum olmuşdur.
Xarici mənbələr bildirir ki, Co Bayden hazırda Demokratlar Partiyasının praymerizlər və kokuslar zamanı prezidentliyə namizədlik hüququ qazanmış yeganə üzvüdür.
Hazırkı prezident nümayəndələrin böyük əksəriyyəti isə təxminən 3,9 min səs toplayıb.
Əldə olunan məlumata əsasən hazırkı vəziyyətdə demokratlar yeni namizədi sürətləndirilmiş şəkildə seçməli, prezident postuna iddialılar isə 4,7 minə yaxın partiya nümayəndəsini onlara səs verməyə inandırmalıdırlar.
Yeni namizədin irəli sürülməsi çox güman ki, birbaşa ABŞ Demokratik Milli Konvensiyasında baş tutacaq.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının (RIAC) eksperti Aleksey Naumov deyir ki, indi partiya böyük ehtimalla vitse-prezident Kamala Harrisin namizədliyi ətrafında toplanacaq: “Qara dərili və qadın olduğu üçün Kamala Harrisin Baydendən daha az şansı var. Bu kimi məsələlər amerikalı seçici üçün müəyyən çətinliklər yaradır”.
Amerikalı ekspertlər deyirlər ki, Co Baydenin prezidentlik yarışından gec geri çəkilməsi demokratların imicinə ciddi ziyan vurub, çünki seçkilər zamanı namizədlərinin dəyişdirilməsi seçicilərin xoşuna gəlmir və bu da onların seçkilərdə səs vermək istəyinə təsir edə bilər.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan siyasi ekspert Elçin Mirzəbəyli məsələni belə şərh edib:
“Baydenin geri çəkilməsi prinsip etibarilə gözlənilən idi. Çünki demokratların onun namizədliyi ilə barışmayacağı, xüsusilə də Trumpla debatlarından və məğlubiyyətindən sonra onun namizədliyindən geri çəkiləcəyi gözlənilirdi. İndiki şəraitdə demokratların növbəti namizədi olacağı gözlənilən Kamala Harris də uğurlu bir namizəd hesab oluna bilməz. Onun demokratlar arasında qismən də olsa populyarlığı olsa da, prinsip etibarilə ABŞ-da qadının prezident seçilməsi mümkün hal deyil”.
Siyasi ekspert hesab edirki, Azərbaycanın baxış bucağından baxanda, respublikaçıların hakimiyyətə gəlməsi dünyada bir sıra problemlərin həllinə yol aça bilər.
E. Mirzəbəyli əlavə edir ki, bu da amerikalı vətəndaşların verəcəyi qərardan asılıdır:“Amma burada bircə komponentin nəzərə alınması da doğru deyil. Çünki dünya ABŞ-dan ibarət deyil. Əks qütbdə dayanan qüvvələr və getdikcə regional güc kimi möhkəmlənən qüvvələr də var ki, bu da proseslərə də öz təsirini göstərə bilər.”
Elçin Mirzəbəylinin fikrincə respublikaçılar qalib gələrsə Yaxın Şərqdə də müharibənin səngiyəcəyi gözləniləndir.
Şəbnəm Rəhimova
Gununsesi.info