
Gürcüstan prezidenti Salome Zurabişvili iyulun 15-də Acarıstanın paytaxtı Batumidə yerləşən Gürcüstan Konstitusiya Məhkəməsinə “xarici təsirin şəffaflığı” adlı qanunun Konstitusiyaya uyğunluğu ilə bağlı müraciət edib.
Müraciətdə deyilir ki, hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə qəbul edilmiş və müxalifətin “Rusiya qanunu” adlandırdığı bu qanunla Gürcüstan Konstitusiyasının bir neçə maddəsi arasında uyğunsuzluq var.
Bu maddələrdən biri də Gürcüstanın Avropa İttifaqı və NATO üzvlüyünə canatımını ehtiva edən 78-ci maddədir.
Prezidentin vəsatəti barədə məlumatı onun parlamentdəki katibi Georgi Msxiladze verib.
Msxiladzeninin sözlərinə görə “xarici agent” qanunu Gürcüstan vətəndaşlarının Konstitusiyada təsbit edilmiş bir sıra başqa hüquqlarını da pozur. Bu səbəbdən də prezident Konstitusiya Məhkəməsindən sözü gedən qanunun dayandırılmasını, daha sonra isə tamamilə ləğv edilməsini rica edir.
Prezidentlə yanaşı Konstitusiya Məhkəməsinə vəsatətlə onlarca deputat, o cümlədən keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat partiyasından olan deputatlar, habelə 150-dən çox QHT də müraciət ediblər.
Bu barədə verilmiş bütün vəsatətlərdə Konstitusiya Məhkəməsindən qanuna baxış dövründə onun fəaliyyətinin dayandırılması rica olunur.
Şikayətçilərin fikrincə bu, müxalifətə, QHT-lərə və mediaya 26 oktyabr parlament seçksi kampaniyasını normal şəraitdə aparmaq imkanı verərdi.
Lakin Konstitusiya Məhkəməsinin keçmiş sədri Avtandil Demetraşvili AzadlıqRadiosuna deyib ki, Konstitusiya Məhkəməsi vəsatətlərə baxılmasından ümumiyyətlə imtina edə bilər. Onun sözlərinə görə hər hansı qanunun qüvvəsi yalnız Konstitusiya Məhkəməsinin ümumi plenumunun qətnaməsi ilə dayandırıla bilər.
Bir sıra QHT-lər bildiriblər ki, onlar habelə Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) “təməl insan haqlarını pozan və vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran” qanunun dayandırılmasına dair “təcili və təxirəsalınmaz” tədbirlər barədə qətnamə çıxarılması məqsədilə müraciət etməyə hazırdırlar.
Gununsesi.info