Səlcuq sultanlarının görünüşü yenidən yaradıldı – DNT analizi sayəsində

Səlcuqlar sülaləsindən olan sultanların görünüşünün yenidən yaradılması ilə bağlı layihə çərçivəsində müxtəlif elm sahələrindən onlarla mütəxəssis işləri başa çatdırıb.

Gununsesi.info xəbər verir ki, Konyanın mərkəzi vilayətində Regional Mədəniyyət və Turizm Müdirliyi tərəfindən dəstəklənən layihə altı il davam edib.

Konyanın mərkəzindəki Dar-ül Mülk Sərgi Mərkəzində 1077-1308-ci illərdə Anadoluya hökmdarlıq edən sultanların görünüşünü əks etdirən heykəllərin nümayiş olunduğu Türk Səlcuqlu sülaləsinə həsr olunmuş sərgi açılıb.

Anadolu Səlcuqlu dövlətinin tarixinə işıq salan layihə 2017-ci ildə başlayıb və altı mərhələdə tamamlanıb. Sərgidəki hər bir nümayiş layihə çərçivəsində işin mərhələlərini təsvir edən ətraflı məlumatla müşayiət olunur.

Məlumat mətnlərinə görə, layihənin birinci mərhələsində Nəcməddin Ərbakan Universitetində Əlaəddin məscidinin həyətindəki sülalə türbəsindən çıxarılan kəllə qalıqları üzərində tomoqrafiya aparılıb.

Əldə edilən DNT və anatomik xüsusiyyətlərdən istifadə edilməklə Səlcuqlu sülaləsinin sultanlarının görünüşü yenidən yaradılıb.

Ümumilikdə, 12-si sultan olmaqla, 17 xanədan üzvünün görünüşünü təkrarlamaq mümkün olub.

Sultanların paltarları üçün parça tarixi məlumatlara uyğun olaraq şəxsi kolleksiyalardan və muzeylərdən götürülmüş nümunələrə əsasən toxunub. Eyni şey Səlcuq hökmdarlarının silah və zinət əşyalarına da aiddir.

Gununsesi.info