
Avropa İttifaqının (Aİ) sənaye rəhbəri Tierri Breton “Meta”ya HƏMAS-ın İsrailə qəfil hücumundan sonra platformalarında dezinformasiyanın yayılmasına qarşı görülən tədbirlər barədə məlumat vermək üçün 24 saat vaxt verib.
Gununsesi.info xəbər verir ki, Breton bu barədə “Meta” şirkətinin baş direktoru Mark Zükerberqə yazdığı məktubda bildirib.
“Rəqəmsal Xidmətlər Aktının (DSA) xidmət qaydalarına ciddi riayət olunmasını, Aİ-də qeyri-qanuni məzmunla bağlı hesabatlardan sonra vaxtında, səylə və obyektiv, mütənasib və effektiv yumşaldıcı tədbirlərin görülməsini təmin etmək üçün sizdən son dərəcə ehtiyatlı olmanızı xahiş edirəm”, – deyə o məktubda qeyd edib.
Qeyd edək ki, (DSA) çox böyük onlayn platformaları tənzimləyir, bu platformalardan qanunsuz onlayn məzmunu silməyə məcbur edir.
Xatırladaq ki, Breton bundan əvvəl X sosial şəbəkəsinin sahibi eyni məzmunlu məktub göndərib. Breton bildirib ki, Aİ-də X platformasının qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə edildiyinə dair məlumatlar var. O, Aİ-nin Rəqəmsal Xidmətlər Qanununun öhdəliklərini xatırladıb və zorakılıq və ya terror ehtiva edən məzmunun silinməli olduğunu, müvafiq qurumların xəbərdarlıqlarına baxmayaraq, X-in onları silmədiyini bildirib.
Breton Maska yazdığı məktubda X rəsmilərinin “Europol” və müvafiq hüquq-mühafizə orqanları ilə əlaqə saxlamasını tələb edərək, 24 saat vaxt vermişdi.
Məktub paylaşıldıqdan sonra İlon Maskın nə cavab verəcəyi maraq doğurub. Gözlənilən cavab X-in sahibi Maskdan gəlib. Mask Aİ-nin iddia etdiyi pozuntuların ictimaiyyət tərəfindən görülə bilməsi üçün paylaşılmasını istəyirdi. Mask Aİ-yə verdiyi cavabda, “Bizim siyasətimiz hər şeyin açıq mənbəli və şəffaf olmasıdır. Qeyd etdiyiniz pozuntuları paylaşın ki, ictimaiyyət onları görsün, biz də görə bilək”, deyib.
Səid Əhmədli
Gununsesi.info