
İtaliyanın baş naziri Corca Meloni son həftələrdə cinsi təcavüz qurbanı olan qadınlarla bağlı söylədiyi fikirlərə görə tənqid hədəfinə çevrilən sevgilisi jurnalist Andrea Cambrunodan ayrıldığını açıqlayıb.
Gununsesi.info bildirir ki, İtaliyanın baş naziri Corca Meloni təkcə siyasi həyatı ilə deyil, şəxsi həyatı ilə də diqqət mərkəzindədir. Bunun ən böyük səbəbi Melonun sevgilisinin jurnalist Andrea Cambruno olmasıdır. Cambruno keçmiş baş nazir Silvio Berluskoninin əsasını qoyduğu İtaliyanın ən böyük özəl yayım şirkəti olan “Mediaset”də xəbərlər proqramının aparıcısıdır. Və xüsusilə avqust ayından bəri sərt tənqidlərə səbəb olan açıqlamaları ilə gündəmdədir.
Jurnalistin bu sözləri etirazlara səbəb olub: “Əgər rəqsə gedirsənsə, sərxoş olmağa haqqın var. Amma sərxoş olmaqdan və huşunu itirməkdən çəkinsən, bəlkə də özünü bəlaya düşməyin qarşısını almış olarsan. Zorlanmaq istəmirsənsə, ilk növbədə huşunu itirmə, ağlını saxla”.
Həmin epizoddan sonra Meloni bildirib ki, onun fikirlərinə görə tərəfdaşı mühakimə olunmamalıdır və o, gələcəkdə partnyorunun davranışı ilə bağlı suallara cavab verməyəcək. Lakin nəhayət, İtaliyanın baş naziri bu gün şəxsi həyatı ilə bağlı yeni açıqlama verib.
Meloni bu barədə sosial media hesablarında açıqlama yayıb. “Andrea Cambruno ilə 10 ilə yaxın davam edən münasibətim burada sona çatır. Bir müddətdir ki, yollarımız ayrıdır və artıq bunu qəbul etmək vaxtıdır”, – deyə baş nazir yazıb.
Bu qərarın verilməsi bir verilişdə Cambrunonun təhqiramiz ifadələr işlətdiyi və qadın həmkarına yaxınlaşdığını göstərən efirdən kənar fraqmentlərin yayımlanmasından sonra baş verməsi diqqət çəkib.
Gununsesi.info