
Rəssam Leonardo Da Vinçinin “Mona Liza” tablosunu araşdıran mütəxəssislər nadir birləşmə olan “plumbonakrit” kimyəvi maddəsinə rast gəliblər.
Gununsesi.info xəbər verir ki, elm adamları Leonardo Da Vinçinin dünyaca məşhur şah əsəri olan “Mona Liza” portretini çəkərkən istifadə etdiyi üsullarla bağlı yeni tapıntılar əldə ediblər.
İtalyan ixtiraçı, memar və rəssam Da Vinçinin “Mona Liza” tablosunun çox kiçik bir hissəsinin kimyəvi quruluşunu rentgen şüaları altında araşdıran elm adamları rəssamın qovaq panelində əsas təbəqə kimi istifadə etdiyi fərqli yağlı boyanın reseptinin belə olduğunu ortaya qoydular.
Fransa və İngiltərədən olan tədqiqatçılardan ibarət komanda, masanın yuxarı sağ küncündən insan saçının diametri qədər kiçik bir hissəni araşdırıb.
Komanda “Mona Liza” rəsminin ilk boya qatında nadir birləşmə olan “plumbonakrit” kimyəvi maddəsi ilə qarşılaşıb.
Qurğuşun oksidinin əlavə məhsulu olan plumbonakrit yağlı boya ilə qarışdırıldıqda, kətan üzərində qalın təbəqə görünür.
Tədqiqatın aparıcı müəllifi Viktor Qonzales sənət tarixçilərinin daha əvvəl irəli sürdüyü “rəssam ilk dəfə portret üzərində işləməyə başlayanda boyasını qalınlaşdırmaq və qurumasına kömək etmək üçün “qurğuşun oksidi tozundan” istifadə etmiş ola bilər” fərziyyəsinin təsdiqləndiyini bildirib.
Da Vinçinin “Mona Liza” əsəri üzərində işləməyə başladığı zaman “eksperimental əhval-ruhiyyə”də ola biləcəyini ifadə edən Qonzales dünya şöhrətli rəssamın təcrübə etməyi çox sevdiyini bildirib.
Leonardo Da Vinçidən sonra 17-ci əsrdə yaşamış hollandiyalı rəssam Rembrandtın rəsmlərində daha əvvəl “plumbonakrit” maddəsi ilə qarşılaşan Qonzales bunun da reseptlərin əsrlər boyu köçürüldüyünü göstərdiyini vurğulayıb.
İtalyan incəsənəti üzrə ekspert və Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinin kuratoru Karmen Bambax da araşdırmanı “çox həyəcanlı” adlandırıb.
Bambax Leonardo Da Vinçinin rəsm texnikası ilə bağlı elmi cəhətdən sübut edilmiş yeni tapıntıların “son dərəcə əhəmiyyətli” olduğunu söyləyib.
“Mona Liza” tablosunda “plumbonakrit”in olmasının Leonardonun bir rəssam kimi ehtiras və daimi təcrübələrinin sübutu olduğunu bildirən Bambax bu ehtirasın və davamlı təcrübələrin İntibah dövrünün əfsanəvi ustadını “zamansız və müasir” etdiyini bildirib.
Məşhur rəssam Leonardo Da Vinçinin 1503-1507-ci illər arasında çəkdiyi və florensiyalı tacir Françesko del Cokondonun həyat yoldaşı Liza Gerardini təsvir edən məşhur İntibah dövrünə aid “Mona Liza” tablosu hələ də Parisdəki Luvr muzeyində nümayiş etdirilir.
Tədqiqatın nəticələri “American Chemical Society” jurnalında dərc olunub.
Səid Əhmədli
Gununsesi.info