
Pentaqon rəhbəri Lloyd Ostin İordaniyadakı Amerika bazasına 3 hərbçinin ölümü ilə edilən hücumu şərh edərkən, bu hücumun cavabsız qalmayacağını vurğulayıb.
Gununsesi.info xəbər verir ki, Ostinin bəyanatını Amerika Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
“İŞİD-in son məğlubiyyəti istiqamətində işləmək üçün Suriya sərhədi yaxınlığında İordaniyanın şimal-şərqinə yerləşdirilən ABŞ və koalisiya qüvvələrinə dünən gecə hücumu zamanı üç ABŞ hərbçimizin həlak olması və digərlərinin yaralanması məni qəzəbləndirdi və dərindən kədərləndirdi”, -açıqlamada bildirilir.
O, İranın dəstəklədiyi qrupların Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı bu və digər hücumlara görə məsuliyyət daşıdığını vurğulayıb.
“Biz seçdiyimiz vaxt və lazım olan yerdə cavab verəcəyik. Prezident və mən Amerika qoşunlarına qarşı hücumlara dözməyəcəyik və ABŞ-ı, qoşunlarımızı və maraqlarımızı qorumaq üçün bütün lazımi tədbirləri görəcəyik”, – Ostin əlavə edib.
Xatırladaq ki, bazar günü İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığında yerləşən Amerika qüvvələrinə pilotsuz təyyarənin hücumu zamanı 3 amerikalı hərbçinin həlak olduğu və onlarla insanın yaralandığı bildirilib.
KİV-in məlumatına görə, ABŞ prezidenti Co Bayden administrasiyası hazırda İordaniyada ABŞ qüvvələrinə üç hərbçinin ölümü ilə nəticələnən hücuma cavab vermək üçün mümkün variantları nəzərdən keçirir.
Gununsesi.info