
Azərbaycanın deputat qrupunun AŞ PA-dan kənarlaşdırılmasından sonra qarşılıqlı ittihamlar yayılmaqdadır.
Azərbaycan hökumətinin və parlamentinin təmsilçiləri ölkəmizin cəzalandırılmasına əsas səbəb kimi Qarabağ üzərindəki suverenliyimizi göstərir.
Qeyd edək ki, Azərbaycanın son anti-terror əməliyyatından sonra ermənilərin guya Qarabağdan zorla çıxarılmasına dair beynəlxalq tənqidlər səsləndirilib.
Halbuki, yayılan video görüntülərdə onlar Azərbaycanı könüllü tərk etdiklərini bəyan edib.
AŞ PA-dan kənarlaşdırılmağımıza digər səbəblərdən biri də jurnalist və siyasi fəalların son kütləvi həbsləri və AŞ PA-nın Azərbaycanda keçiriləcək seçkilərə dəvət olunmamasıdır.
Azərbaycanın AŞPA-dakı deputat qrupunun mandatının təsdiqlənməməsi təşəbbüskarı Almaniyadan olan deputat Frank Şvabe Gununsesi.info-nun sorğusunu cavablandırıb.
Avropa Şurasının demokratiya, insan haqları və qanunun aliliyi ilə bağlı təşkilat olduğunu vurğulayan Şvabe bu qurumun Azərbaycanın ərazi bötüvlüyünü tanımaması barədə iddiaları qəbul etmədiyini deyib: “AŞ PA-nın Laçın dəhlizini ziyarət edə bilməməsi və yaxud da Qarabağdakı ermənilərin çıxarılması haqqında danışmaq Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaq demək deyil. AŞ PA BMT qətnamələrinə istinad edərək, Azərbaycanın işğala məruz qaldığını bəyan edib. Amma Avropa Şurası münaqişə həll edən təşkilat deyil. Bu təşkilat üzv ölkələrdəki insan hüquqları və demokratiyanın vəziyyətini dəyərləndirir.
Biz insan haqları üzrə monitorinq aparırıq. Bura həm də qaçqınların vəziyyətini monitorinq etmək kimi məsələ də daxildir. Münaqişələrin həlli ilə başqa beynəlxalq təşkilatlar məşğul olur. Ona görə də bu iddiaları qəbul etmirəm ki, Azərbaycan öz suverenliyini bərpa etdiyi üçün cəzalandırılır. Söhbət insan haqlarının durumundan gedir. Avropa Şurası Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir”.
Azərbaycanda insan haqları və demokratiyanın göstəricilərindən danışan almaniyalı deputat bildirir ki, bu sahədə vəziyyət ürəkaçan deyil: “Hər həftə həbslər baş verir. Siyasi məhbusların sayı durmadan artır. Azərbaycan heç bir çağırışı qəbul etmir. İmkan verməyib ki, Monitorinq Qrupunun həmməruzəçiləri sizin ölkənizə gəlsin. Dəfələrlə bu müraciətlərə rədd cavabı verilib. Bu göstəricilər çox pisdir. Biz ümumiyyətlə çalışırıq ki, Azərbaycanda vəziyyətin müsbətə doğru dəyişək. Hazırda isə problem Azərbaycan və Parlament Assambleyasında əməkdaşlıq ilə bağlıdır. Burda məsuliyyət Azərbaycan nümayəndə heyətinin üzərinə düşür. Onlar ölkədə monitorinq aparmağımız üçün bizə imkan yaratmağa məsuliyyət daşıyır. Məruzəçilər Azərbaycana getmək üçün digər məsələlər ilə bağlı da xahiş ediblər. Ancaq onlara ölkəyə giriş icazəsi verilməyib. Buna oxşar digər nümunələr də var. Lakin ən son məsələ təşkilatın fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müşahidəyə dəvət edilməməsidir. AŞ PA bu qərarı ilə Azərbaycanın davranışını dayandırmaq üçün bir siqnal vermiş oldu”.
Frank Şvabe deyir ki, ancaq bu hər şeyin sonu demək deyil: “Əgər Azərbaycan bu təşkilatda ona hörmət edilməsini və nümayəndə heyətinin geri qayıtmasını istəyirsə, əməkdaşlıq etməlidirlər. Ölkələr özləri qərar verir ki, hansısa beynəlxalq təşkilatın bir hissəsi olsunlar ya yox. Lakin əgər bir ölkə qərar verirsə ki, hər hansı təşkilatın üzvü olsun, o zaman təşkilatdakı daxili qaydalara əməl etməlidir. Bu aydın məsələdir. Evdə, ailədə hər ölkədə hər kəsin əməl etməli olduğu qaydalar olduğu kimi təşkilatlarda da qaydalar mövcuddur. Bir beynəlxalq təşkilatların qoyduğu qaydaları pozaraq həmin qurumun bir hissəsi olmaq mümkün deyil. Ümid edirəm ki, Azərbaycan bunu başa düşəcək. Biz arzu edirik ki, Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvü olsun. Biz dialoqa açığıq. Onlar razılaşsallar yenidən qayıda bilərlər. Biz Azərbaycanı Avropa Şurasında görmək istəyirik. İstəyirik ki, Azərbaycan Avropa Şurasının hörmətli üzvü olaraq qalsın”.
Pərviz Həşimli
Gununsesi.info