ABŞ qüvvələrinə hücum: Ölən və yaralanan əsgərlər var

İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında yerləşən ABŞ qüvvələrinə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində üç ABŞ hərbçisi həlak olub, 34 əsgər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.

Bayden hakimiyyət orqanlarının hələ də hücumla bağlı məlumat topladığını bildirib.

“Biz bilirik ki, bu, Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlılar tərəfindən həyata keçirilib”, – Bayden vurğulayıb.

Amerika lideri əmin edib ki, Vaşinqton bütün məsuliyyət daşıyanları öz istədiyi vaxt və qaydada məsuliyyətə cəlb edəcək.

ABŞ Mərkəzi Komandanlığı İordaniyanın şimal-şərqində pilotsuz təyyarənin hücumu nəticəsində 3 ABŞ hərbçisinin həlak olduğunu, 25-nin yaralandığını bildirib.

Bu arada İordaniya bildirib ki, Amerika qüvvələrinə pilotsuz təyyarə zərbəsi İordaniya ərazisində deyil, Suriya sərhədindəki əl-Tanf bazasında olub.

“ABŞ hərbçilərinə qarşı hücum İordaniya ərazisində baş verməyib. Onun hədəfi Suriya sərhədindəki Ət-Tanf bazası olub”, – deyə qeyd edilib.

Ət-Tanf bazası Suriya, İraq və İordaniya sərhədlərinin qovşağında yerləşir.

Gununsesi.info