Sensasion səs yazısı yayıldı: Azərbaycanda içməli suyun tərkibinə zərərli maddələr qarışıb? - VİDEO

Son günlər Bakının bir sıra qəsəbələrində Hepatit “A” virusu yayılıb. Bundan başqa,valideynlər uşaqlar arasında yayılan infeksion xəstəliklərin müalicəsinin effektiv olmadığını bildirirlər. Belə ki, uşqalarda yaranan mövsümi xəstəliklərin dərmanlarla müalicəsindən az sonra yenidən xəstəlik hallarının baş verdiyi bildirilir. 

Sosial şəbəkələrdəki valideyn qruplarında içməli suların tərkibinə müəyyən xəstəliklərin yayılmasına səbəb olacaq zərərli maddələrin qatıldığını iddia edən səs yazıları yayılıb.

Gununsesi.info həmin səs yazılarından birini əldə edib.

Məsələ ilə bağlı  “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirdi ki, suyun keyfiyyətləri tam standartlara uyğundur:

“Həm Bakı şəhəri, həm də digər şəhər və regionlarda verilən sular daim nəzarətdədir. 24 saat həmin suların tərkibi yoxlanılır. Suyun tərkibində standartlardan kənarlaşma mövcud deyil. Azərbaycanda suyun keyfiyyətinə nəzarəti Səhiyyə Nazirliyi həyata keçirir. Mütəmadi olaraq yoxlanışlar davam edir.

Bildiyimiz kimi, son günlər Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində Hepatit A xəstəliyinin yayılması ilə bağlı biz o ərazilərdə monitorinq apardıq. Aparılan nəticələrə əsasən suyun tərkibində heç bir kənarlaşma, yad maddələr aşkar olunmayıb”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Gununsesi.info-ya verilən açıqlamada qurum tərəfindən mərkəzləşdirilmiş qaydada içməli suyun tərkib göstəricilərinin yoxlanılması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirildiyi və monitorinqlərin nəticələrinə əsasən, “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun tərkib göstəriciləri qüvvədə olan dövlət standartları və normativlərinə cavab verildiyi bildirildi.

 

 

 

 

 

Şəbnəm Rəhimova 

Gununsesi.info