
Fransanın paytaxtı Parisdə minlərlə insan polisin müdaxiləsinə və yağışa baxmayaraq şəhərin ən əhəmiyyətli nöqtələrindən biri olan Respublika meydanına toplaşaraq Fələstinə dəstək verib.
Gununsesi.info xəbər verir ki, Parisdə Fələstin xalqı ilə həmrəylik üçün bir araya gələnlər əllərində Fələstin bayraqları ilə yanaşı, “Azad Fələstin”, “Fələstin qazanacaq, Fələstin qalib olacaq” kimi plakatlar daşıyıblar.
Ciddi təhlükəsizlik tədbirlərinin görüldüyü nümayişdə polis “Hamımız Fələstinliyik”, “Qəzzaya ağ fosfor yağır”, “Soyqırımı dayandırın” şüarları səsləndirən nümayişçiləri meydandan çıxarmağa çalışıb.
Polislə bəzi nümayişçilər arasında dava düşüb, onları müxtəlif qruplara ayıraraq bəzilərini zorla xiyabana yönləndirib və etirazçılara bibər qazı ilə müdaxilə edilib.
Digər tərəfdən sosial mediada əks olunan görüntülərdə polisin müdaxilə zamanı ayağı ilə etirazçının başına basaraq ətrafdakıların reaksiyasından sonra ayağını çəkdiyi görünür.
Yağışa və polisin müdaxiləsinə baxmayaraq, nümayişçilər meydanı tərk etməyiblər. Yerli məhkəmə Parisdə nümayişə qoyulan qadağanı ləğv edib.