Nazim Bəydəmirlinin həbsdə də hüquqları pozulur

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilən Gədəbəy rayon sabiq deputatı Nazim Bəydəmirlinin həbsdə də hüquqları pozulur.

Bu barədə Gununsesi.info-ya onun vəkili Aqil Layic bildirib.

Vəkilin sözlərinə görə, Nazim Bəydəmirli həbs olunduğu gündən indiyə qədər ailə üzvləri ilə telefon danışığı və görüş hüququndan istifadə edə bilmir. Vəkil deyib ki, bu barədə istintaq orqanı qərar qəbul edib:
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlığlarının təmin olunması haqqında qanuna görə həbsdə olan şəxslərin həftədə iki dəfə ailə üzvləri ilə 15 dəqiqədən az olmayaraq telefonla danışmaq hüququ var.

Bundan başqa həmin şəxslərin həftədə bir dəfə ailə üzvləri ilə görüş hüququ da qanunla nəzərdə tutulub. Ancaq bu qanun Nazim Bəydəmirliyə münasibətdə tətbiq edilmir”.

Gununsesi.info