
Dünən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlunun ofisindən ona məxsus olduğu iddia edilən 40 min ABŞ dolları götürülüb.
Bu barədə Gununsesi.info-ya danışan vəkil Zibeydə Sadıqova deyib ki, partiya liderinə Cinayət Məcəlləsinin (CM) 204.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsilə ittiham irəli sürülüb.
Onun sözlərinə görə, axtarışlar başa çatandan sonra iyulun 24-nə keçən gecə ADR sədrinin haqqında şübhəli şəxs qismində tutma qərarı verilib: “Axtarışlar zamanı evdən 40 min dollar tapıldığı iddia olunur. İbadoğlu isə həmin vəsaitin ona heç bir aidiyyəti olmadığını bildirib. ADR sədri uzun illərdir ki, Azərbaycanda yaşamırdı, Londonda işləyirdi. O, anasının səhhətindəki problemlərə görə iyulun 1-də ona baş çəkməyə gəlib. Axtarış aparılan mənzil də sadəcə, rəsmi sənəd üzərində ona məxsusdur. Orada nə baş verdiyindən onun məlumatı yoxdur. Çünki illərdir ora getməyib. ADR-in ofisi kimi istifadə olunan mənzildən bir sıra sənədlər götürülüb”.
Vəkilinin sözlərinə görə, onlar İbadoğlunun rəhbərlik etdiyi İqtisadi Tədqiqatlar Mərkəzinin 14-15 il əvvəlki fəaliyyətinə aid sənədlər olub:
“Hətta Qubad bəy bildirdi ki, onları bir dəfə prokurorluq QHT-lərlə bağlı cinayət işi çərçivəsində aparıb, yoxlayıb, geri qaytarıb. Yenə də apardılar”.
Hüquqlarını müdafiə etdiyi şəxsin tutulmasının Fətullah Gülənlə əlaqələndirilməsinə münasibət bildirən vəkil Sadıqova deyib ki, DİN bu barədə açıqlama yaysa da hələlik istintaqda İbadoğluna bu haqda suallar verilməyib.
Bu gün onun məhkəməyə çıxarılacağı gözlənilir.
Afət Abbasova
Gununsesi.info