
Rusiyalı müxalifət lideri Aleksey Navalnının cənazəsinin həbsxanadan çıxarıldıqdan sonra konvoyda morqa aparıldığı anların görüntüləri paylaşılıb.
Gununsesi.info xəbər verir ki, görüntüləri Rusiyanın müxalif media qurumları yayıb.
Təhlükəsizlik kamerasının görüntülərinə görə, fevralın 16-dan 17-nə keçən gecə konvoyda əvvəlcə polis maşını, daha sonra sedan kamera bucağı önünə keçib. İki avtomobildən sonra içərisində Navaninin cəsədinin olduğu iddia edilən həbsxana mikroavtobusu keçir və onu polis maşını izləyir.
Nobel mükafatlı rusiyalı dissident jurnalist Dmitri Muratova məxsus “Novaya qazeta” yazıb ki, Navalnının nəşi həbsxanadan çıxarıldıqdan sonra yarılma üçün Salexard şəhərindəki Regional Klinik Xəstəxananın meyitxanasına aparılıb.
Fevralın 16-da Rusiyada saxlandığı həbsxanada öldüyü açıqlanan rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünün dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Rusiya İstintaq Komitəsi Navalnının vəkilləri və ailəsi ilə əlaqə saxlayıb. Navalnının mətbuat katibi Kira Yarmış sosial media hesabında açıqlamasında deyib ki, “Müstəntiqlər ailəyə və vəkillərə kimyəvi ekspertizalar aparılacağını və ən azı 14 gün daha meyiti qaytarmayacaqlarını bildiriblər”.
Navalnının tərəfdarları cəsədin ailəyə qaytarılması üçün onlayn petisiyaya başlayıbar, indiyədək 60 mindən çox imza toplanıb.
Gununsesi.info