BMT açıqladı: Milyonlarla insan aclıqla qarşı-qarşıyadır

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (WFP) dünyanın ən böyük köçkünlük böhranının yaşandığı Sudanda 10 aydır davam edən vətəndaş müharibəsi səbəbiylə ən azı 25 milyon insanın artan aclıq və qida çatışmazlığı ilə mübarizə apardığı barədə xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, açıqlamada fikirlərinə yer verilən WFP sözçüsü Annabel Symington hər həftə minlərlə ailənin evlərindən didərgin düşdüyünü, Çad və Cənubi Sudana doğru sərhədləri keçmək məcburiyyətində qaldığını bildirib.

“Hər iki ölkədə yağışlı mövsüm yaxınlaşır və bununla da insanlara çatmaq çətinləşəcək. İndi cavab tədbirləri davam etdirə biləcəyimizi təmin etmək üçün əvvəlcədən yardım hazırlamalıyıq. Biz bunu edə bilmərik və bunun üzərinə Çad və Cənubi Sudan öz aclıq böhranları ilə üzləşirlər. Deməli, bu, həqiqətən də böhran üzərində qurulmuş bir böhrandır”, – deyə o qeyd edib.

Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Sudanda yaşı 5-dən aşağı olan təxminən 3,8 milyon sudanlı uşaq da pis qidalanır.

Sudan 2023-cü ilin aprel ayının ortalarından etibarən Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhanın komandanlığı altında ordu ilə Sürətli Dəstək Qüvvələri (HDK) arasında şiddətli toqquşmalara səhnə olub.

HDK və ordu 2018-ci ilin dekabrında xalq üsyanından sonra hakimiyyəti ələ keçirib və 2019-cu ilin aprelində 30 ilə yaxın hakimiyyətdə qalan prezident Ömər əl-Bəşirin devrilməsindən sonra mülki şəxslərin iştirakı ilə formalaşan hökumətdə iştirak edib və 2021-ci ildə mülki hökumətə qarşı birlikdə çevriliş ediblər.

Hərbi və təhlükəsizlik islahatları çərçivəsində HDK-nın orduya inteqrasiyası ilə bağlı ordu ilə HDK arasında fikir ayrılığı yarandıqdan sonra aprelin ortalarında vətəndaş müharibəsi başlayıb.

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 13 mindən çox insan həyatını itirib, 6 milyon insan ölkə daxilindəki digər şəhərlərə, 1,7 milyon insan isə ətraf ölkələrə qaçıb.

Gununsesi.info