
Hicab qaydasını pozduğuna görə əxlaq polisinə aparılmış və orada vəfat etmiş 22 yaşlı Məhsa Əmininin ailəsinin vəkili Tehran İslam İnqilabı Məhkəməsinin qarşısına çıxarılacaq.
Gənc qadının polisdə müəmmalı ölümü ölkədə aylarla davam edən etirazlara səbəb olmuşdu.
Fransada mənzillənən Kürdüstan İnsan Haqları Şəbəkəsi bildirib ki, Məhsa Əmininin ölümünə dair apardığı araşdırmalar və mediaya verdiyi müsahibələrə görə Saleh Nikbəxtə qarşı sistem əleyhinə təbliğat ittihamı irəli sürülüb.
Polis iddia edir ki, Məhsa Əmininin vəfatı onda olan xəstəliyə görə baş verib. Lakin ailəsi və tərəfdarları gənc qadının polisdə döyülərək öldürüldüyündə israr edirlər.
Yanvar ayında Fərəz saytına verdiyi müsahibədə Nikbəxt demişdi ki, Məhsanın ölümü ailəsinin şikayətçi kimi iştirakı olmadan natamam aparılıb.
Lakin vəkil müsahibələrində təkcə Əmininin ölümü barədə deyil, daha geniş mövzularda, məsələn qadınlara motosiklet sürmək icazəsi verilməsindən, əfqan qaçqınlara dövlət səhiyyəsinin imtiyazlarının tanınmasından danışırdı.
Gununsesi.info