İsrailin müdafiə naziri: Qəzzada müharibə HƏMAS-ı məhv etmək məqsədi daşıyır

İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, Qəzzadakı müharibə “HƏMASI aradan qaldırmaq və Qəzzada yeni təhlükəsizlik sistemi yaratmaq məqsədi daşıyır”.

Gununsesi.info-nun məlumatına görə, İsrailin dövlət televiziyası KAN xəbər verir ki, Qallant Tel-Əvivdəki Müdafiə Nazirliyinin qərargahında İsrail parlamentinin Xarici Əlaqələr və Təhlükəsizlik Komitəsinin üzvləri ilə danışıb.

Qallant Qəzzaya qarşı müharibənin “3 mərhələ” olduğunu ifadə edərək əlavə edib: “Biz təşkilatın əsas elementlərini məhv edəcək və infrastrukturuna zərər verəcək bombardmanlardan sonra HƏMAS-ı məğlub etmək və məhv etmək üçün manevrin (quru müharibəsi) həyata keçiriləcəyi ilk mərhələdəyik”.

İsrail naziri bildirib ki, ikinci mərhələdə “müharibə daha az intensivliklə davam edəcək və Fələstinin müqavimət nöqtələrini aradan qaldırmağa yönələcək”.

Qallant üçüncü mərhələnin “Qəzza zolağında yeni bir təhlükəsizlik sistemi yaradacağını” qeyd edib və bildirib ki, bu kontekstdə “İsrail vətəndaşları və Qəzza zolağının ətrafındakı bölgə üçün yeni təhlükəsizlik reallığı yaradacaq, Qəzzada gündəlik həyat üçün İsrailin məsuliyyətini aradan qaldıracaqlar”.

“Biz müharibə vəziyyətindəyik. Bizim başqa seçimimiz yoxdur. 7 oktyabr HƏMAS-ın məhv edilməsi prosesinin başladığı gündür”, – deyə o əlavə edib.

Gununsesi.info