
İsrail mətbuatı baş nazir Benyamin Netanyahunun Qəzzadakı fələstinlilərin könüllü olaraq başqa ölkələrə köçməsi üçün çalışdığını yazıb.
Gununsesi.info xəbər verir ki, İsrailin “HaYom” qəzetinin məlumatına görə, Netanyahunun Likud partiyasının deputatları ilə görüşdə bu məsələni müzakirə edib. “Bizim problemimiz qaçqınları qəbul etməyə hazır olan ölkələrdir. Biz bunu həll etmək üçün çalışırıq”, – deyə o bildirib.
İclasda Qəzzada fələstinlilərin didərgin salınması məsələsinə toxunan israilli deputat Denni Danon deyib:
“Dünya əslində bu məsələni müzakirə edir. Kanadanın immiqrasiya naziri Mark Miller bu məsələ ilə bağlı açıq danışdı. Eynilə Nikki Heyli (ABŞ Respublikaçılar Partiyasının 2024-cü ildə prezidentliyə namizədlərindən biri). Qəzzanı tərk edib üçüncü ölkəyə getmək istəyənlərlə məşğul olmaq üçün İsrail daxilində bir komanda yaratmalıyıq”.
Fələstin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Netanyahu və israilli deputatların Qəzzada olan fələstinlilərin başqa ölkələrə könüllü köçü çağırışı ilə bağlı açıqlamaları qınanılıb.
HƏMAS-ın verdiyi açıqlamada Netanyahu və İsrail ordusunun məqsədlərinə çata bilmədiyi bildirilib və bu açıqlamalar “təcavüzü uzatmaq cəhdi” kimi qiymətləndirilib.
Vurğulanıb ki, Fələstin xalqı onları öz torpaqlarından və müqəddəs yerlərindən uzaqlaşdırmaq planlarına qəti şəkildə imkan verməyəcək.
İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich, keçən ay verdiyi açıqlamada Qəzzadakı fələstinlilərin başqa ölkələrə könüllü köçünün “doğru humanitar həll” olduğunu iddia edib.
Gununsesi.info