
“Oğlumun qatilinin edamında iştirak edəcəm”.
Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə Tehrandakı səfirliyimizə silahlı hücumda şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov bildirib.
“İki ildir bu hökmün verilməsini gözləyirdik. Nəhayət bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, qatilin ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Ağrı hər zaman ürəyimizdə qalacaq. Sadəcə, övladımın qatili layiqli cəzasını alıb deyə insanın ürəyində biraz yüngüllük hissi yaranır. Hökmün nə zaman icra olunacağı bu ölkənin hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək”, – o bildirib.
R.Əsgərov oğlunun qatilinin edamını izləmək üçün İrana gedəcəyini deyib: “Oğlumun qatilinin edamında iştirak edəcəm. Mən yenə deyirəm, qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur. Qoy, o, hər bir əməlin bir bədəli olduğunu və bunu ödəməli olduğunu anlasın”.
Qeyd edək ki, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumundan 2 il ötür. 2023-cü ilin 27 yanvar tarixində səfirliyimizə hücum edən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn edilib. O, 3 fevral 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qatil barəsində ölüm hökmü çıxarılsa da, iki il boyunca icra edilməyib. Hətta bu yaxınlarda onun işi prokurorluğa geri qaytarılıb. Nəhayət iki il sonra edam hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Hökm icra üçün Tehran məhkəməsinə göndərilib.