Bəzən bir insanın ölümü təkcə ailəsinin faciəsi olmur, bütöv bir cəmiyyətin qarşısına qoyulmuş sual işarəsinə çevrilir.
Xüsusən də söhbət 19 yaşlı bir gəncdən, hərbi xidmətə yola salınmış, həyatının lap başlanğıcında olan bir əsgərdən gedirsə…
Yayılan məlumatlara görə, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət qulluqçusu, 19 yaşlı əsgər Həsənli Tuncay Elsevər oğlu vəfat edib.
Tuncay anadangəlmə ürək qüsurundan əziyyət çəkib, əvvəlki üç çağırışda hərbi xidmətə yararsız hesab olunsa da, dördüncü çağırışda ordu sıralarına cəlb edilib.
Əgər bu məlumatlar doğrudursa, qarşımızda son dərəcə ciddi və ağrılı suallar dayanır.
Bir insan üç dəfə hərbi xidmətə yararsız hesab edilibsə, dördüncü dəfə onun hansı tibbi əsaslarla yararlı sayıldığı izah olunmalıdır.
Üç dəfə verilmiş tibbi qərarı dördüncü dəfə nə dəyişib?
Gəncin səhhətində möcüzəvi yaxşılaşma baş verib, yoxsa əvvəlki müayinələrdə hansısa yanlışlığa yol verilib?
Yoxsa insanın sağlamlığı ilə bağlı qərarlar bəzən tibbi meyarlarla deyil, anlaşılmaz bürokratik mexanizmlərlə müəyyənləşdirilir?
Hərbi xidmət dövlət qarşısında vətəndaşlıq borcudur. Ancaq bu borc insanın həyatından üstün deyil. Vətəni qorumaq üçün çağırılan insanın ilk növbədə öz dövlətinin himayəsində olması, sağlamlığının qorunması təmin edilməlidir. Orduya sağlamlığı imkan verən gənclər cəlb olunmalıdır. Xəstə bir gəncin hərbi xidmətə göndərilməsi nə vətənpərvərlikdir, nə də dövlətə xidmət anlayışına uyğundur.
Burada məsələni yalnız bir həkimin, bir komissiyanın və ya bir qurumun üzərinə atmaqla da kifayətlənmək olmaz.
Çünki belə qərarlar bütöv bir tibbi müayinə və çağırış sisteminin məsuliyyətini gündəmə gətirir. Əgər əvvəlki üç qərar düzgün idisə, dördüncü qərarın əsası nə olub? Əgər əvvəlki qərarlar səhv idisə, həmin səhvlərə görə kim cavab verib?
Ən ağrılı tərəfi isə budur ki, bütün bu sualların cavabını artıq 19 yaşlı bir gəncdən soruşmaq mümkün deyil. Onun gələcək planları, arzuları, yaşamaq istədiyi həyat yarımçıq qalıb. İndi geriyə yalnız ailəsinin dərdi və cəmiyyətin cavab gözlədiyi suallar qalıb.
Dövlətin gücü yalnız sərhədlərini qorumaq, ordusunu gücləndirmək, təhlükəsizliyini təmin etməklə ölçülmür. Dövlətin gücü həm də ən həssas vəziyyətdə olan vətəndaşının həyatına nə qədər dəyər verməsi ilə ölçülür.
Tuncayın ölümü ilə bağlı bütün hallar obyektiv araşdırılmalı, hərbi xidmətə yararlı hesab edilməsinin tibbi əsasları ictimaiyyətə açıqlanmalıdır. Əgər səhlənkarlıq, məsuliyyətsizlik və ya qanun pozuntusu olubsa, buna yol verənlər hüquqi məsuliyyət daşımalıdırlar.
Çünki 19 yaşlı bir gəncin həyatı heç bir sənəddəki imzadan, heç bir komissiyanın qərarından, heç bir bürokratik prosedurdan ucuz ola bilməz.
Elmar












