Bu gün Milli Məclisdə Azərbaycanın tanınmış tərcüməçisi Sevil Gültənin problemini gündəmə gətirdim və mədəniyyət siyasətində nöqsanların bəzilərini sadaladım. Sevil xanım ingilis dilindən 50 romanı dilimizə tərcümə edib. 70-dən artıq Azərbaycan müəllifinin əsərini ingilis dilinə peşəkarlıqla tərcümə edib. Azərbaycanda yüksək peşəkarlığı olan tərcüməçi defisiti var, adam iki qız övladı ilə (bu övladlardan biri də doğuşdan fiziki qüsurludur) 59 yaşında kirayələrdə çürüyür, ölkəmizi intellektual fəaliyyəti ilə dünyada uğurla təmsil edir, kimsənin vecinə deyil. 100-dən artıq ziyalı ölkə Prezidentinə onun mənzil probleminin həlli ilə bağlı müraciət edib, ümid edirəm ki, bu müraciətə yaxın zamanlarda müsbət cavab veriləcək.
Gununsesi.org-un xəbərinə görə, bunu parlamentin komitə sədrinin müavini Fazil Mustafa deyib.
O, sonra bunları qeyd edib:
“Ancaq düşündürücü budur ki, niyə indiyədək hər bir toy müğənnisinə (əsl sənət adamına deyil ha!) ev və ya təltif üçün müraciət edən mədəniyyət naziri ölkədə barmaqla sayılacaq bir tərcüməçinin taleyi ilə maraqlanmayıb? Nə vaxta qədər alim, yazar, tərcüməçi əsl sənət adamı bu ölkədə ali dəyərə çevrilməyəcək? Eyni şey musiqi məktəbləri ilə də bağlıdır. Zabrat qəsəbəsində cəmi bir musiqi məktəbi var, onun da yerləşdiyi bina hər an uça bilər. Ərtafdakı 4 böyük qəsəbədə yaşayan insanlar uşaqlarını musiqi təhsili almaq üçün bu məktəbə gətirməlidirlər. Çıxış yolu olaraq düşünüblər ki, məktəbi Maştağada yerləşən Mədəniyyət evinə köçürsünlər. İndi təsəvvür edin, Zabrata gəlməkdə çətinlik çəkən əsasən yoxsul ailələrin uşaqları Balaxanıdan, Zabratdan, Kürdəxanıdan, Məhəmmədidən Maştağaya necə gedib -gələ biləcəkdir? Bu qədər mədəniyyət profilli obyektlər tikilir, çətindirmi ki, övladlarımızın normal təhsil ala biləcəyi məktəblə təmin edək?”
Gununsesi.org
COMMENTS