
Daşkənddə sənaye anbarında baş vermiş partlayış nəticəsində 163 nəfər xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlərdən 24 nəfəri müxtəlif xəstəxanalara yerləşdirilib, qalan 138 nəfərə ambulator yardım göstərilib və evə göndərilib.
2006-cı il təvəllüdlü yeniyetmənin yaşadığı mənzildə ölməsi xəbərini Səhiyyə Nazirliyi də təsdiqləyib. Əldə olan məlumata görə, onun başına pəncərə çərçivəsi düşüb.
Nazirlikdən bildirilib ki, xəstələr arasında ağır bədən xəsarəti alanlar yoxdur, onların səhhəti qənaətbəxşdir.
Bu arada Özbəkistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir ki, prezident Şavkat Mirziyoyevin tapşırığına əsasən, baş nazirin müavini Açılbay Ramatovun rəhbərliyi ilə fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması və vətəndaşlara yardım göstərmək üçün hökumət komissiyası yaradılıb.
Qeyd olunur ki, Sergeli rayonundakı anbarda baş verən partlayış nəticəsində zərər çəkmiş mənzillərin sahiblərinə dəymiş ziyan ödəniləcək.
Bu arada Gazeta.uz yazır ki, sentyabrın 28-nə keçən gecə güclü partlayış baş verən Daşkəndin Sergeli rayonundakı anbarda yanar maddə olmayıb. Bu barədə “İnterlogistics” birgə müəssisəsinə məxsus Beynəlxalq Logistika Mərkəzi (United Cargo Center) məlumat yayıb.
“Biz partlayıcı mallar saxlamamışıq. Partlayışın nədən baş verdiyini bilmirik. Qığılcım yarada biləcək alışan əşyalarımız yox idi, bu baş vermədi”, – deyə kompleksin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, yanğın baş verən birinci soyuducu anbarda marqarin, günəbaxan yağı, mayonez və ketçup saxlanılıb.
O, həmçinin qeyd edib ki, partlayış zamanı anbar işçilərindən heç kim xəsarət almayıb.
Hazırda rəsmilər hadisəni araşdırır və partlayışın səbəblərini müəyyənləşdirirlər.
Qeyd edək ki, sentyabrın 28-nə keçən gecə Daşkənd hava limanı yaxınlığındakı sənaye anbarında güclü yanğına səbəb olan partlayış baş verib.
“Saat 02:43-də Fövqəladə Hallar Nazirliyinin növbətçi şöbəsinə Daşkənd şəhərinin Sergeli rayonunda “Stroitel” massivinin ərazisində yerləşən anbarlardan birində partlayış və yanğın baş verməsi barədə məlumat daxil olub”, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə Özbəkistanın baş naziri Abdulla Aripov da gəlib.
Səid Əhmədli
Gununsesi.info