Etibar Əliyev: “Bir adamın uzun müddət rektor qalması doğru deyil”

Etibar Əliyev

Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb.

Ekspertlər bəzən bəyan edirlər ki, bir şəxsin uzun müddət rektor vəzifəsində qalması universitetlərin idarə olunmasında və yeniliklərin meydana gəlməsinə səbəb olmur.

 

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev vurğulayır ki, məlum olan qanunda universitet rektorları 5 il müddətinə təyin edilsə də təkrar olaraq yeni təyinat olur:

“Zənnimcə bu proses 10 ili ötməməlidir. Təcrübələr əsas gətirir ki, xüsusi ali məktəblər var ki, burada istisna halların olması mümkündür. Düşünürəm ki, bu hal özəl ali məktəblərdə də olmamalıdır. Məsələn özəl ali məktəblərin yarandığı tarixdən ancaq bir rektor rəhbərlik edir. Yaxud onlara yaxın şəxslər ilə əvəz olunurlar”.

Deputatın sözlərinə görə, Avropada və Amerikada özəl ali məktəblərdəki təhsil dövlətin tərkibinə məxsus olan ali məktəblərdəki təhsildən yüksəkdir: “Çünki burada təhsil almaq istəyənlər çox yüksək təhsil haqqı ödəyirlər. Universitetə yeni ab-hava  gəlməsi üçün rəhbərlik seçki nəticəsində və ya müəyyən müddətdən sonra dəyişilir.

Maraqlı bir faktı ortaya qoymaq istərdim. Dünyaca məşhur Stantford Universitetinin rektorlarından biri Kandaliza Rays olub. O, 8 il  müddətində universitetə rəhbərlik edib. Kandaliza Rays həmin vəzifəyə təyin olunanda universitetin 20 milyon dollar borcu olub. O, 2 il ərzində 20 milyon borcu qaytara bilib. Eyni zamanda əlavə olaraq 2 milyon dollar da universitetə gəlir gətirilməsinə səbəb olub. Baxmayaraq ki, o, universitet üçün kifayət qədər iş görüb ancaq müəyyən müddətdən sonra yenə də o öz vəzifəsini tərk edib”.

Etibar Əliyev deyir ki, universitetlərdə ciddi problemlərdən biri də kollegial idarəetmənin zəif olmasıdır:“Həmçinin universitet elmi şuralarının birbaşa rektorlara tabeçiliyidir. Təəssüf ki, universitetin elmi şuralarında hansısa bir müstəqil qərarın qəbul olunmasına rast gəlməmişəm.

Şaquli idarəetmə bizim üniversitetlərdə hakim kəsilib. Əgər üfüqi idarəetməyə keçirilsə, dekanların və kafedra müdürlərinin səlahiyyəti olsa, kollegial idarəetmə güclənsə, şübhəsiz ki, rektorların neçə il müddətində çalışmaları da insanları bir o qədər düşündürməyəcək”.

 

 

 

Şəbnəm

Gununsesi.info