
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Türkiyə Böyük Millət Məclisinin deputatı Ömər Faruk Gergerlioğlunun Azərbaycan polisini tənqid etməsi faktına münasibət bildirib.
Qeyd edək ki, parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev də eyni mövzudan danışıb. Türk deputatının açıqlamasının Azərbaycana qarşı böhtan olduğunu deyib.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Məlahət İbrahimqızı Gununsesi.info -ya açıqlamasında həmin deputatın PKK -ya yaxınlığı ilə seçilən DEM partiyasının üzvü olduğunu deyib:
Öncə hesab edirəm ki, həmkarım hörmətli Qüdrət Həsənquliyevin bu məsələni parlamentdə o cürə təqdim etməsi elə də ürəkaçan deyil. Çünki TBMM-də təmsil olan millət vəkili Ömər Faruk Gergerlioğlunun DEM partiyasının üzvüdür.
Azərbaycan ictimaiyyəti, cəmiyyəti DEM partiyasının PKK tərəfdarı olduğunu, Türkiyədə seperatizm tərəfdarı, Türkiyədən daima beynəlxalq təşkilatlara şikayət edən, Türkiyə düşmənləri ilə əlaqəsi olan bir partiyadır.
Bu Partiya Azərbaycan xalqının torpaqlarının azad olunması uğrunda apardığı 44 günlük Vətən müharibəsində, eləcə də qazandığımız möhtəşəm zəfərdə bəzi CHP millət vəkilləri ilə erməni işğalçılarını dəstəkləyən mövqe sərgilədilər.
Millət vəkili Ömər Faruk Gergerlioğlunu Azərbaycanın suverenliyinin bərpası əməliyyatında xüsusilə də Laçın dəhlizi ətrafında aparılan əməliyyatlarda çıxışlarında açıq aşkar tam erməni tərəfdarı olduğunu bəyan edirdi.
Hətta bir qrup DEP üzvləri bu əməliyyatların dayandırılması ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər. Yəni bu millət vəkili öz mövqeyi ilə tam erməni işğalını dəstəkləyən bir tərəfdarıdır. Bu da təbiidir..
Türkiyənin bölünməsini istəyən və bunun üçün hətta Türkiyə Azərbaycan düşmənləri ilə əməkdaşlıq edən DEM millət vəkilindən bundan artıq nə gözləmək olar.
Bu mənada terroru və terrorçunu dəstəkləyən bir siyasətçi də sözsüz ki, ölkəmizdə qanunçuluğu, sabitliyi, əmin amanlığı və təhlükəsizliyi qoruyan fədakar Azərbaycan polisin haqqında xoş sözlər səsləndirməz.
Bundan ötrü elə millət vəkili Ömər Fartukun saytına baxmaq və onun Azərbaycan və Türkiyəyə qarşı düşmən mövqeyini əks etdirən fəaliyyətini görmək olar.
Görünür çıxışında müdafiə etdiyi adam da elə onun yolunda olan birisidir. Azərbaycanda olduğu kimi Türkiyədə də antimilli qüvvələr, milli satqınlar hələ də düşmən dəyirmanına su tökürlər. Bu qüvvələr nə qədər çirkli siyasət aparsalar da əmindirlər ki, Azərbaycan-Türkiyə dostluğu,qardaşlığı və strateji müttəfiqliyi əbədi və sarsılmazdır.
Çox təəssüf ki, bugün hər iki qardaş və strateji müttəfiq ölkədə milli satqınlar həm də birlik və bərabərliyimizi sarsıtmaq üçün də müxtəlif layihələr həyata keçirirlər. Bu cür qüvvələr üçün milli mənafe məfhumu yoxdur. Bu qüvvələr ancaq xaricdəki rəhbərlərinə, ağalarıma hesabat verirlər. Möhtərəm Prezidentimiz də dəfələrlə çıxışlarında bu mənada hər kəsin ayıq-sayıq olmasını bildirir.
Hörmətli həmkarım, peşəkar siyasətçi Qüdrət Həsənquliyev də parlamentin bugünkü iclasında Ömər Farukun çıxışına bu kontekstdə münasibət bildirməli idi.
Çünki, Azərbaycan cəmiyyətində hər gün bölücülük, terror yönümlü fəaliyyətlərini gizlətmək üçün adını dəyişdirən amma mahiyyətini dəyişməyən DEM və onun kimi partiyalar və siyasətçilər haqqında yetərli məlumat yoxdur. Bu cür səthi və diqqətsiz çıxış və müsahibələr bəzən düşmənlərin məqsədinə xidmət etmiş olur və nəticədə qan qaraldır.
Yəni bir siyasətçi kimi dünyada getdikcə artan qlobal təhlükələr, Azərbaycana və Türkiyəyə qarşı artan təhdidlər, xüsusilə birliyimizi gözləri götürməyən qüvvələrə qarşı atdığımız hər bir addımda, səsləndirdiyimiz hər fikirdə tam ehtiyatlı və məsuliyyətli olmalıyıq”.
Sənan Qurbanlı