
Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 770 milyon manata çatıb.
Gununsesi.info xəbər verir ki, binanın inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb.
Müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 769,9 milyon manat təşkil edir.
AMB-nin binasını Bakıda “SOCAR Tower”, Dövlət Vergi Xidmətinə, Bakı Olimpiya Stadionu və çoxlu sayda dəbdəbəli inzibati binalar inşa etmiş Türkiyənin “Tekfen İnşaat” şirkəti tikir.
Xatırladaq ki, 2020-ci ilin fevral ayında AMB yeni inzibati binasının detallı layihələndirilməsi və tikintisi üçün tender elan edib. 2021-ci il yanvarın 13-də Türkiyənin “Tekfen İnşaat və Təsisat” şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro (450 milyon manat) dəyərində müqavilə imzalanıb. AMB-nin yaydığı məlumata görə, müqaviləni Bankın İdarə Heyəti sədrinin keçmiş birinci müavini Alim Quliyev və Türkiyənin “Tekfen İnşaat” şirkətinin təmsilçiləri Levent Qafqaz və Mustafa Kopuz imzalayıb.
Bakıda Heydər Əliyev prospekti 109 ünvanında tikiləcək 32 mərtəbəli bina ilə bağlı 3 il əvvəlki razılaşmada tikintinin ümumi dəyərinin 450 milyon manat olacağı qeyd olunub. Tender tələbinə görə, binanın hündürlüyü 160 metr, ümumi sahəsi 67,926 kvadrat metr olacaq. Binada xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft ilə birlikdə ofis sahələri olacaq. Tikinti müddəti 36 aydır.
Azərbaycan hökumətinin Mərkəzi Banka fantastik qiymətə belə bir ofis tikməsi isə birmənalı qarşılanmayıb.
Gununsesi.info bildirir ki, sosial şəbəkələrdə ayrı-ayrı QHT təmsilçiləri, jurnalistlər və sadə insanlar ölkədə bu qədər problem olduğu halda bu qədər vəsaitə MB üçün bina tikintisi yolverilməzdir.
Norveç Neft Fondunun binası
Müqayisə üçün qeyd edək ki, Norveç Neft Fondunun binası 4 mərtəbəli sadə binadır. Hansıki, Neft Fondunu vəsaiti 1.4 trilyon dollardır.
Afət Abbasova
Gununsesi.info