
Müasir Azərbaycan ədəbiyyatına 2000-ci illərin boşluğundan gələn adamlar çoxdur. Hansı ki, onlar mənasız taftalogiya yazıları, şeirləri, fikirləri ilə çirkin bir mənzərə yaratdılar, düşünməyə çox da cəhd etməyən oxucuların gözündə də “Yazıçı-şair belə olar, bu cür yazar” fikri formalaşdırdılar.
Məsələn, bu adamlardan biri də Cəlil Cavanşirdir.
Heç bilmirsən ki, o, şairdi, yoxsa yazıçı?
Əslində, bunu heç Cəlil Cavanşirin özü də bilmir. O, ağlına gələn hərəkəti edir(boş vaxtlarında özünü öldürür), ağzına gələni də yazır. (Oturduğu yerdə darıxır)
Əlbəttə, nəsildaşlarından heç bir cəhəti ilə seçilməyən Cəlilin də çörəyi darıxmaqdan çıxır. O da digərləri kimi bütün şeirlərində darıxır, təkdi, heç kim onun kimi sevə bilmir, hamı ona xəyanət edib, darıxmaqdan gah yatağın altına girir, gah küncə sıxılır, üzünü qırxmır, onun da çayı soyuq, evi dağınıq, üstü-başı çirklidir.
Demək də olmur ki, ay şair, başına dönüm, arada çim, özünü səliqəyə sal, bəsdir, pintiliyinə “Sevgi” adı verdin. Amma kimə deyirsən?
Cəlil Cavanşirin boşluqdan yaranan yaradıcılığına yüngülvari diqqət kəsilək:
“Sən gedəli,
Hər şey bir az başqadı
Sabahlar da darıxmaqdı, gecələr də darıxmaq”
“bilirsən də,
mən darıxan adamam”
“sən gedərdin….
Gecələr qoxun çökmüş yastığı qucaqlayardım
bir dəli darıxmaq dolardı içimə…”
“Qapı zəngi çalınır, pəncərəyə qaçıram.
Daha darıxmaq olmur, adam kimi darıxmaq…”
Məsələn, “google”da Cəlil Cavanşir yazaraq qarşınıza çıxan təsadüfü şeirlərin hamısında “darıxmaq” görə bilərsiniz, amma Cəlilə bunları şeir olmadığını əsla sübut edə bilmərsiniz.
Beş-altı söz var ki, onlar Cəlil Cavanşirə qadağan edilsə, vallah, düzdə qalacaq, bilməyəcək nə danışsın, nə yazsın, başlayaq robot kimi əl-qolunu qırıq-qırıq hərəkət etdirməyə.
Əlbəttə, bir dövr üçün bu cür şeirlər maraqlı idi.
Hansı ki, nişanı qayıdan, ərindən küsən, iki uşaqla dədəsi evinə gələn, əri gəzəndə də dözüb oturan xanımların, gənclik sevgisinə qovuşa bilməyərək nəvəsinə dolma bükən xalaların da ah-vayına yaxşı çatırdı.
Amma ədəbiyyata lazımdırmı?
Deyil!
Cəlil və nəsildaşlarının yaradıcılığına baxanda adama elə gəlir ki, bu şeirlər bu cür razılaşaraq yazılır:
Cəlil Cavanşir:
– Bilirsən də, mən darıxan adamam…
Şəhriyar Del Gerani:
– Şair, mən özüm dünən bir şeirimdə o cür idim. Üzündən irağ sənin də, it kimi darıxırdım. Allah necə haqdı?
Aqşin Yenisey:
– Bilirsiniz, bu darıxmağın sosioloji tərəfləri var. Şərqdə darıxmaq dil hadisəsi deyil, buna baxmayaraq mənim də yatağım dağınıq, yeməyim alaçiy idi.
Qismət Rüstəmov:
– Şəhriyar, səndən əvvəl it kimi darıxmışam, axı:
“Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq,
Bir də var it kimi darıxmaq…”
Cəlil bir şeirində də qıza ünvanlı deyir ki,
“gəlsən, bir də viski al gəl, beləəə… lap yekəsindən”, “gecə hələ yarı deyil siqaretim qurtarıb… kimə deyim “siqaret ver” axı mənim kimim var? bilirəm ki, gələcəksən siqareti unutma bircə qutu bəs eliyər”.
Bu, ədəbi həyasızlığın son həddidir. Əvvəla, qadını niyə yükləyirsən? Şeirdə deyirsən ki, Allah aqqı pulum var. Varındır, ayət deyil, dəvə deyil, cibinə siqaret al qoy. Yaxşı, başa düşdük, viskiyə pulun çatmır, istəyirsən, daha yekəsindən al nədir? Adam da bazarlıq istəyini bu cür şeirə çevirər?
Siyahını uzatmaq olar. Amma bu məsələni çox da uzatmağa ehtiyac yoxdur. Cəlil və Cəlil kimilərə demək lazımdır ki, ya inkişaf edin, biliyinizi artırın, kamilləşin, ya da gedib qıraqda darıxın ki, gözümüz görməsin. Axı bütün bunlar ədəbiyyata, ədəbi zövqə zərbədir, bütün bunlar məhvə aparır.
Niyə oxucunun zövqü sizlərə tamah salan qadınların getməyinə görə zövqü korlanmalıdır?
Orxan Saffari
Xüsusi olaraq,
Gununsesi.info üçün