
“İsrail olmasaydı, biz onu yaratmalı idik”.
Gununsesi.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden İsrailə səfərindən sonra mətbuat konfransında deyib.
Bayden bildirib ki, İsrail dövləti yəhudi xalqı üçün təhlükəsiz ölkə kimi yaradılıb: “O, bunun üçün yaradılıb. İsrail olmasaydı, biz onu yaratmalıydıq”.
İsrailin yəhudilər üçün təhlükəsiz bir yer olması lazım olduğunu bəyan edən Bayden, “Sizə söz verirəm ki, bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik” deyib.
Bayden xatırladıb ki, 75 il əvvəl, onun qurulmasından 11 dəqiqə sonra ABŞ prezidenti Harri Trumenin İsraili tanıyan ilk lider olub: “Biz o zaman göstərdik ki, onların tərəfindəyik, indi də göstərəcəyik”.
O, bəyan edib ki, ABŞ və İsrail təkcə gücləri ilə ölçülən dövlətlər deyil, həm də güc verən ölkələr və dövlətlərdir.
Bayden daha sonra deyib: “Biz İsrail və Fələstin xalqının ləyaqətlə birlikdə yaşamasını təmin etmək yolundayıq. Bunun üçün biz iki dövlətli həll istiqamətində işi davam etdirməliyik ki, onlar öz qonşuları ilə birlikdə yaşaya bilsinlər. Bu mənim məqsədimdir, vəzifəmdir”.
Bayden, ABŞ Hərbi Dəniz Qüvvələrinin Şərqi Aralıq dənizində təhlükəsizliyi təmin etmək üçün bölgəyə hərəkət etdiyini, həmçinin ölkəsinin digər hərbi varlıqlarını “İsrailə qarşı gələcək təcavüzün qarşısını almaq və bu münaqişənin yayılmasının qarşısını almaq üçün” bölgəyə köçürdüyünü söyləyib.
“Dünya İsrailin hər zamankindən daha güclü olduğunu biləcək” deyən Bayden 7 oktyabr hücumlarını sentyabrın 11-i ilə müqayisə edib: “İsrail ölçüsündə bir ölkə üçün bu, 11 sentyabr hücumlarına bərabər idi”.
Bayden deyib ki, Fələstinlilərin böyük əksəriyyətini təmsil etmədiyi HƏMAS “Qəzzada günahsız ailələrdən canlı qalxan kimi istifadə edir”.
HƏMAS-ın komandanlıq mərkəzlərini, silah və rabitə tunellərini yaşayış məntəqələrinə yerləşdirdiyini iddia edən Bayden deyib: “Bu faciədə ölən və yaralananların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Qəzza xalqının yeməyə, suya, dərmana və sığınacağa ehtiyacı var”.
ABŞ-ın həm Qəzzada, həm də İordan çayının qərb sahilində istifadə edilməsi üçün 100 milyon dollarlıq humanitar yardım edəcəyini açıqlayan Bayden bildirib ki, “Bu pul Qəzzada təcili ehtiyaclar da daxil olmaqla, münaqişə nəticəsində köçkün düşmüş 1 milyondan çox fələstinliyə kömək edəcək”.
Bayden yardımın sərhədi keçməsinə icazə vermək üçün Misir hökuməti, Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun təşkilatları və bölgədəki digər tərəfdaşları ilə “yaxın” işlədiklərini söyləyib.