
“Modeartor.az” saytının Baş redaktoru Zülfüqar Hüseynzadənin qəfil ölümü cəmiyyətdə böyük üzüntüyə səbəb olub.
Gununsesi.info -nun xəbərinə görə, Milli Məclisin bir qrup deputatı da öz sosial şəbəkə hesablarında jurnalistin ölümü ilə bağlı yazılar paylaşıblar.
Onları təqdim edirik:
Cavanşir Feyziyev:
Vətəndən uzaqda ikən çox üzücü bir xəbər aldım. Qarabağın azad olunması kimi ən müqəddəs arzusuna çatdıqdan sonra daim doğma Kəlbəcərə qayıtmaq arzusu ilə yaşayan istedadlı jurnalist, gözəl insan, fədakar dost və mehriban ata Zülfüqar Hüseynzadə həyatının ən şirin çağında, 52 yaşında doğulduğu Başlıbel kəndində qəflətən vəfat edib. Zülfüqar Hüseynzadənin yoxluğu Azərbaycan ziyalıları üçün, məsuliyyətli jurnalistika cameəsi üçün, ailəsi, doğmaları və bütün onu tanıyanlar və sevənlər üçün böyük və əvəzsiz bir itkidir. Bu ağır itkidən sarsılan hamıya, xüsusilə Zülfüqarın ailə üzvlərinə və doğmalarına səbir və başsağlığı diləyirəm. Allah rəhmət eləsin!
Zahid Oruc:
Bu, həm ağır hadisədir, həm də olduqca sarsıdıcıdır.
Eyni zamanda, mediamız və dövlətimiz və millətimiz üçün çox böyük itkidir.
Zülfüqar Hüseynzadə Kəlbəcər qədər əziz bir insan idi. Uzun illər onun səsləndirdiyi fikir sanki taleyinə də köçdü.
Deyirdi ki, doğma torpağımızı görsəydik, həyatdan tamarzı getməzdik…
Bütün hallarda o artıq öz doğma torpağına qovuşub.
Zülfüqar Hüseynzadənin işıqlı xatirəsi var: onun mətbuatda qoyduğu iz, əsərlər, dostlarında yaşayacaq möhtəşəm bir abidə var.
Azad edilmiş torpaqlarda vəfatı o ərazilərin nə qədər müqəddəs olduğunu da göstərir.
Bütün hallarda dünyasını dəyişməsi çox ağır haldır.
Ailəsinə, yaxınlarına başsağlığı verirəm.
Fazil Mustafa:
Zülfüqar Hüseynzadə, dəyərli jurnalist dostumiz faciə yaşamış Başlıbeldə, doğma yurd yerində dünyasını dəyişib. İnsan ömrünü çözmək olmur, bu nə acıdır yaşatdın bizə! Hər yazımı ən operativ yayardın, ərklə ”Moderator”dan paylaş deyərdin. Ruhun şad olsun, Allah rəhmət etsin əziz insan!
Qənirə Paşayeva:
Dəyərli dostumuz-qardaşımız, “Moderator.Az” portalının baş redaktoru, istedadlı jurnalist Zülfüqar Hüseynzadə vəfat edib. Bu gözlənilməz, acı xəbərdən çox sarsıldım. Zülfüqar müəllimlə uzun illərdir əməkdaşlıq, dostluq edirdik; onun necə vətəncanlı və nə qədər peşəkar qələm adamı olmasına yaxından bələd idim.
Yeri cənnət olsun!
Tanrı bütün doğmalarına səbr versin.
Unutmayacağıq!
Musa Qasımlı:
Azərbaycan jurnalistikasına ağır itkidir. Zülfüqarı Kəlbəcərli kimi mərd, dövlət milliyyətçisi, dağları kimi məğrur, bulaqları kimi saf tanıdım. Bir neçə il əvvəl Bakıya dönərkən Ankarada Esenboğa Hava Limanında təsadüfən rastlaşmışdıq. Oturub çay içmişdik. O zaman hələ işğal altında olan Kəlbəcərdən danışmışdıq. İşğaldan azad edildikdən sonra sanki göylərdə uçurdu. Çox üzüldüm. Allah rəhmət eləsin! Ailəsinə, qohumlarına, dostlarına dərin hüznlə başsağlığı verirəm.
Qəbri nurla dolsun!